Rusiyanın Azərbaycandakı səfirliyi “RİA Novosti”nin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı məqaləni şərh edib

Rusiyanın Azərbaycandakı səfirliyi “RİA Novosti”nin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı məqaləni şərh edib
# 27 fevral 2013 07:56 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və jurnalist Dubnovun “RİA Novosti” agentliyinin saytında dərc etdiyi “Dağlıq Qarabağ 25 ildə tanınmamağa öyrəşdi” məqaləsi bu mövqeni şübhə altına qoya bilməz”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşündə deyib. Bu barədə Rusiya səfirliyinin rəsmi saytında qurumun mətbuat xidmətinin şərhi yerləşdirilib.

Səfirliyin mətbuat xidmətinin məlumatına görə, Mahmud Məmmədquliyevlə söhbətin yekununda səfir Doroxin Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini rəsmi Moskvanın nəzərinə çatdıracağına söz verib.

Səfir qeyd edib ki, məqalə Dubnovun şəxsi fikrini ifadə edir və bu mövqe Rusiya Dövlət İnformasiya Agentliyinin redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər.

Vladimir Doroxin bu materialın artıq “RİA Novosti”nin rəsmi saytından çıxarıldığı barədə Mahmud Məmmədquliyevə məlumat verib. Agentliyin rəhbərliyi hazırda baş verən hadisənin detallarını araşdırır.

Səfir xarici işlər naziri müavininin Rusiya-Azərbaycan münasibətlərindəki dostluq atmosferinin birgə səylərlə qorunmasının zəruriliyi fikrini bölüşdüyünü deyib.

Xatırladaq ki, Xocalı soyqrımının 21-ci ildönümü ərəfəsində “RİA Novosti” agentliyinin saytında jurnalist V. Dubnovun “Dağlıq Qarabağ 25 ildə tanınmamağa öyrəşdi” adlı məqaləsi yerləşdirilib. Bununla əlaqədar Rusiyanın Azərbaycandakı səfiri dünən Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR