Azərbaycanın Litvadakı səfirliyi Vilnüsdə 28 May – Respublika Gününə həsr olunmuş qəbul təşkil edib

Azərbaycanın Litvadakı səfirliyi Vilnüsdə 28 May – Respublika Gününə həsr olunmuş qəbul təşkil edib
# 27 may 2015 09:01 (UTC +04:00)

Bakı – APA. Vilnüs şəhərində 28 May – Respublika Gününə həsr olunmuş qəbul təşkil edilib.

Azərbaycanın Litvadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirliyin təşkil etdiyi qəbulda müstəqil Litvanın ilk dövlət başçısı Vitautas Landsberqis, Seym sədrinin I müavini Vidas Qedvilas, Seym sədrinin müavini Alqirdas Sisas, nazir və nazir müavinləri, Seymin komitə sədrləri və deputatları, Seymdə yaradılmış Azərbaycanla Parlamentlərarası əlaqələr qrupunun və GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə Parlament qrupunun sədrləri və üzvləri, universitet rektorları və müəllimləri, Litvanın siyasi və ictimai xadimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, jurnalistlər, Litvada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Həsən Məmmədzadə çıxış edib. Tədbir iştirakçılarına 28 May - Respublika Günü haqqında məlumat verən səfir Şərqdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış demokratik respublikanın fəaliyyəti və 1991-ci ildə müstəqilliyin yenidən bərpa edilməsi, təməli Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrilməsi haqqında, o cümlədən iki ölkə arasında həyata keçirilən humanitar və mədəniyyət layihələri, dövlətlərarası əlaqələrin inkişafı barədə məlumat verib. Diplomat həmçinin iyun ayında keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarına dair bilgi verərək, bunun ölkəmiz üçün əlamətdar hadisə olacağını vurğulayıb.

V. Landsberqis isə Azərbaycan xalqını Respublika Günü ilə bağlı təbrik edərək, Azərbaycana Avropada öz mövqeyini möhkəmləndirməyi arzulayıb və bu istiqamətdə Azərbaycan tərəfindən xeyli işlər görüldüyünü qeyd edib. O həmçinin Litva ilə Azərbaycan xalqları arasında mədəni və dini müxtəlifliyin olmasına baxmayaraq, hər iki ölkənin oxşar talelərinin olduğunu vurğulayaraq, ölkəmizə rifah və əmin-amanlıq arzu edib.

Sonra qonaqlara Litvada yaşayan gənc müğənni Ülviyyə Cons-Rəhimovanın ifasında caz nümunələri təqdim edilib. Müğənni oxuduqları “Sarı gəlin”, “Əlvida” və digər mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda qonaqlara ziyafət verilib.

Onu da əlavə edək ki, həmin gün səfir H. Məmmədzadənin Litvanın aparıcı və böyük tirajlı nəşrlərindən biri olan “Lieutos zinios” qəzetində və həmin qəzetin internet səhifəsində 28 May - Respublika Günü münasibətilə geniş müsahibəsi dərc olunub. Səfir müsahibəsində Azərbaycanda da Litvadakı kimi, bu il ilk Respublikanın yaranmasının 97-ci illiyinin qeyd edildiyini bildirərək, hər iki ölkənin XX əsrin əvvəllərində və sonunda eyni tarixi talelərin yaşadığını vurğulayıb. O, 1918-ci ildə şərqdə ilk dəfə Azərbaycanda yaranmış demokratik respublikanın 23 ay yaşamasına baxmayaraq bir çox uğurlara nail olduğunu, həmin dövrdə də Azərbaycan milli və dini azlıqlara münasibətdə öz tolerantlığı ilə seçildiyini qeyd edib.

H. Məmmədzadə Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi zaman separatizmlə qarşılaşdığını, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətrafda yerləşən 7 rayonun işğal edildiyini, bir milyona yaxın insanın öz doğma yurdundan didərgin düşdüyünü bildirib.

Səfir müstəqilliyin ilk illərinin ağır olduğunu, erməni işğalından müdafiə olunan bir dövrdə ölkədə vətəndaş qarşıdurmasının baş verdiyini, yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsinin qarşısının alındığını və hazırda Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrildiyini qeyd edərək, son illərdə Azərbaycanda iqtisadi, mədəni və sosial sahələrdə əldə olunmuş nailiyyətlərə dair məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR