Rusiyalı politoloq Aleksey Muxin: “Rusiya Azərbaycanın silahlanmasına cavab olaraq Ermənistanı silahlandırır” 

Rusiyalı politoloq Aleksey Muxin: “Rusiya Azərbaycanın silahlanmasına cavab olaraq Ermənistanı silahlandırır” 
# 19 fevral 2013 14:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Ermənistanı Azərbaycanın silahlanmasına cavab olaraq silahlandırır”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin deyib.

Onun sözlərinə görə, Rusiya regionda silahlanma balansını qorumaq üçün Ermənistanı silah-sursatla təmin edir: “Bu addım Azərbaycanın silahlanmasına cavabdır. Rusiya Cənubi Qafqaz regionunda silahlanma sahəsində balans yaratmağa çalışır. Azərbaycan ordusunu müasir tipli silahlarla təchiz edir. Rusiya da bunun qarşılığında regionda qüvvələr nisbətini qorumaq üçün Ermənistanı silah-sursatla təmin edir. Digər tərəfdən Rusiya Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Ermənistan bu təşkilatda əməkdaşlıq çərçivəsində silahlandırılır. Ermənistan KTMT üzvü olmasaydı, Rusiya çətin ki, bu addımı atardı. Çünki münaqişə tərəflərindən olan bir ölkənin silahla təchiz olunmasının əks effektinin necə olacağını Rusiya yaxşı başa düşür. Ona görə də, Rusiyanın Ermənistanı silahla təchiz etməsi Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini şübhə altına qoymur.

Rusiya hökumətinin Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Ermənistanın tərəfini tutacağına siyasi qarantiya yoxdur. Qarabağda müharibə başlayacağı zaman Rusiya mövcud durumu nəzərə alıb, qərar qəbul edəcək. Rusiyanın Ermənistandakı hərbi bazası Rusiya dövlətinin əmrindədir. Gümrüdəki hərbi qüvvələr Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Ermənistan dövlətinin deyil, Rusiya dövlətinin əmri ilə hərəkət edəcək”.

A. Muxin müasir mərhələdə Rusiya-Azərbaycan münasibətlərini də şərh edib. O, iki ölkə arasında münasibətlərin nə isti, nə də soyuq olduğunu bildirib: “Həm Azərbaycan, həm də Rusiya milli maraqları çərçivəsində hərəkət edir. İndiki mərhələdə, iki ölkənin milli maraqları üst-üstə düşmür. Amma bu o demək deyil ki, iki ölkə arasında münasibətlər gələcəkdə daha da gərginləşəcək və hər hansı konflikt səviyyəsinə çatacaq”.

Serj Sarkisyanın ikinci prezidentliyi dövründə Dağlıq Qarabağ konfliktinin həllində yenilik gözləmək olarmı sualına A. Muxin belə cavab verib: “Təəssüflər olsun ki, Serj Sarkisyanın ikinci dəfə prezident seçilməsi Dağlıq Qarabağ konfliktinin həllinə yenilik gətirməyəcək. Çox güman ki, konfliktin həlli istiqamətində aparılan danışıqlar hazırkı vəziyyətdə qalacaq. Yaxın vaxtlarda konfliktin həlli prosesində nəsə yenilik gözləmək sadəlövhlük olardı. Çünki hər iki dövlət konfliktin tənzimlənməsinə dair danışıqlar prosesində tam əks mövqe tutur. Münaqişənin tənzimlənməsində vasitəçilik edən ölkələri - ABŞ, Rusiya və Fransanı isə hazırkı durum qane edir. Təəssüf ki, vasitəçi ölkələr hazırkı şərtlərlə münaqişənin həllində maraqlı deyil. Çünki onlar yaxşı başa düşürlər ki, konfliktin həlli yolu müharibədən keçir. Müharibə isə bu ölkələrin heç birinə sərf eləmir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR