Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlükdən imtina edib

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlükdən imtina edib
# 18 oktyabr 2013 11:56 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistan Xarici İşlər Nazirliyin yaydığı bəyanatda deyilir ki, krallıq BMT TŞ-nin qeyri-daimi üzv seçilməkdən qürur duyur və bu hadisəyə şaddır. Lakin Səudiyyə Ərəbistanı hesab edir ki, BMT TŞ-nin iş üsulları və mexanizmləri, orada mövcud olan ikili standartlar bu təşkilata öz öhdəliklərini icra etməyə, beynəlxalq sülhün təmin edilməsi ilə bağlı məsuliyyətini daşımağa imkan vermir: “Belə vəziyyət ona gətirib ki, dünyada qeyri-stabillilik müşahidə olunur, xalqların hüquqları pozulur, münaqişələr, müharibələr yayılır. Təəssüflər olsun ki, BMT TŞ-də dəyişikliklərin aparılması ilə bağlı bütün beynəlxalq səylər, dünyada sülh və təhlükəsizlik problemlərin həll edilməsində bu qurumun rolunu qaytara biləcək islahatların reallaşdırılmasına gətirib çıxarmayıb”.

BMT TŞ-nin qeyri-effektiv roluna misal kimi rəsmi Ər-Riyad son 65 il ərzində həll olunmayan və bir neçə müharibəyə səbəb olan Fələstin problemini gətirib. Eyni zamanda Səudiyyə Ərəbistanının qənaətinə görə, BMT TŞ Yaxın Şərq regionunu kütləvi qırğın silahından azad zonaya çevirməyi və Suriyada müharibəni dayandırmağı bacarmayıb.

Qeyd edək ki, oktyabrın 17-də BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvlüyünə növbəti seçkilər keçirilib və nəticələrə əsasən, Nigeriya, Çad, Səudiyyə Ərəbistanı, Litva və Çili 1 yanvar 2014-cü ildən Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü olacaqlar. Onlar Mərakeş, Toqo, Pakistan, Azərbaycan və Qvatemalanı əvəzləyəcəklər.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daimi üzvlərdir. 10 qeyri-daimi üzvlər isə Baş Assambleya tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan 5-i dəyişdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR