ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları yüngülləşdirib

ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları yüngülləşdirib
# 11 sentyabr 2013 13:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları yüngülləşdirib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, ABŞ Maliyyə Nazirliyi İrana humanitar və idman sahəsi ilə bağlı tətbiq etdiyi sanksiyaları ləğv edib.

Bu addım ABŞ-ın İranla əlaqələrini gücləndirmək və Barak Obama hökumətinin bu ölkəyə qarşı yaxşı niyyətini göstərmək üçün atılıb. Qərara əsasən, artıq humanitar sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) İrana daxil olmaq və bu ölkədə fəaliyyət göstərmək üçün icazə almağa ehtiyac duymayacaqlar. Eyni zamanda bu sanksiyanın ləğvi ilə amerikalı idmançılar da xüsusi icazə olmadan İrana səfər edə və müxtəlif idman sahəsində fəaliyyət göstərə bilərlər.

Qeyd edək ki, ABŞ rəhbərliyi bu il ikinci dəfədir İrana qarşı sanksiyaları yüngülləşdirmək barədə qərar qəbul edir. Bu qərarların əslində İranın yeni prezidenti Həsən Ruhaninin dünya ilə əlaqələri yaxşılaşdırma niyyətində olmasına bir reaksiya mahiyyəti daşıdığı vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR