ABŞ səfiri: “Minsk Qrupunun fəaliyyətinə dəstək olaraq xalq diplomatiyasından istifadə edilməlidir”

ABŞ səfiri: “Minsk Qrupunun fəaliyyətinə dəstək olaraq xalq diplomatiyasından istifadə edilməlidir”
# 07 may 2013 14:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Biz dəqiq başa düşürük ki, Dağlıq Qarabağ münaqişəsində hazırkı “status kvo” məqbul deyil. Münaqişənin davam etməsinin Azərbaycan xalqı üçün çətin olduğunu anlayırıq”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı deyib. O, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs sazişini xatırladaraq bildirib ki, o vaxt bu sazişin bağlanması ilə müharibənin qarşısı alındı: “Amma müharibənin qarşısını almaq münaqişənin həlli üçün yetərli deyil. Bunu Minsk Qrupu da çox gözəl başa düşür. Buna görə də, hesab edirik, Minsk Qrupuna daha çox əzm lazımdır ki, sülhün yaradılmasında, tərəfləri kompromisə gətirəcək çərçivənin alınmasında nəyəsə nail olsunlar”.

Səfir münaqişənin həllində hər iki ölkənin vətəndaş cəmiyyətlərinin roluna da toxunub: “Hər iki ölkədən vətəndaş cəmiyyətlərinin bu prosesdə iştirakı önəmlidir. Bunu Minsk Qrupunun həmsədrləri edə bilməz, tərəflər özləri etməlidir. Minsk Qrupunun fəaliyyətinə dəstək olaraq ikinci tip diplomatiyadan - xalq diplomatiyasından istifadə olunmalıdır. Biz Azərbaycanda və Ermənistanda xalqla münasibətlərimizdə həm qadınlar, həm də uşaqlarla işləyirik ki, onlar iki ölkə arasında hazırkı “demonizasiya” (yəni tərəflərin bir-birinə iblis formasında təqdim edilməsi – red.) prosesini dayandırsınlar. Fikrimizcə iki tərəf arasında online əlaqələr yaratmaq olar, “Youtube”da, “Facebook”da müxtəlif qruplar yaradıla bilər”.

Səfir Azərbaycan və Ermənistandakı qadın fəalları münaqişənin həllinə cəlb etmək təklifini irəli sürüb: “Qadınlar bir ana kimi müharibədən daha çox əziyyət çəkir və onlar hazırkı durumu qəbul etmirlər”.

Diplomat bəyan edib ki, ABŞ istənilən halda sona qədər problemin həllinə çalışacaq: “ABŞ-ın mövqeyi odur ki, münaqişə Azərbaycanın acı problemidir və həll olunmalıdır. Çünki burada işğal faktından söhbət gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR