Gurcustanda Milli Konsepsiya planının hesabatı dinləniılib - FOTOSESSİYA

Gurcustanda Milli Konsepsiya planının hesabatı dinləniılib - <span style="color: red;">FOTOSESSİYA
# 26 iyun 2014 19:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət aparatının təşkilatçılığı ilə Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə 2009-cu ildə qəbul edilən Milli Konsepsiyanın yerinə yetirilməsi barədə hesabat dinlənilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Ketevan Tsixelaşvili çıxış edərək 2009-2014-cü illər üçün qəbul edilən Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın müddətinin ötdüyünü və yeni konsepsiyanın qəbul edilməsinin zəruri olduğunu və məhz bu məqsədlə yerlərdə müzakirələr keçiriləcəyini, əhalinin, xüsusən, etnik azlıqların rəy və təklifləri nəzərə alınacağını bildirib. Tədbirdə nazirliyin reinteqrasiya məsələləri üzrə şöbə müdiri Tina Qoqeliani çıxış edərək “Media və Tolerantlıq”, “Sosial və regional birlik strategiyası” barədə layihələr təqdim edib və regionlarda yol və enerji infrastrukturların bərpa olunması və bölgələrdən keçən beynəlxalq layihələrin, o cümlədən Bakı-Tiflis-Qars dəmiryol layihəsinin region üçün prioritet layihələrdən olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Tədbirdə Beynəlxalq və yerli ekspertlərin, QHT-lərin iştirakı ilə diskussiya keçirilib. Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın yeni qəbul ediləcək sənədinə daxil etmək üçün təklif və rəylər dinlənilib və etnik azlıqların mədəniyyət və incəsənət, din və təhsilin, yerli mətbuatın, televiziyanın inkişaf etdirilməsi barədə fikirlər səsləndirilib.
Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Ketevan Tsixelaşvili APA-ya açqılamasında bu gün son 5 ildə dövlətin qəbul etdiyi vətəndaş inteqrasiyası barədə hərəkət planının hesabatı dinlənildiyini bildirib: “Biz bu gün vətəndaş inteqrasiyası barədə hesabatı dinləyirik. Bizim əsas vəzifəmiz odur ki, əldə etdiyimiz uğurlarımızı nəzərə çatdıraq və yerlərdə olan problemləri müəyyən edib tövsiyyə və təklif şəkilində hazırlayıb yeni qəbul edəcəyimiz sənədə daxil edək. Ümidvaram ki, bu vacib işdə bizə əlaqədar nazirliklər, müstəqil ekspertlər, QHT-lər, müxtəlif qruplar yaxından kömək edəcək və nəticə olaraq biz bu təşkilatların bizə təqdim etdiyi məlumat bazasından istifadə edərək vətəndaş inteqrasiyası barədə gələn ilin əvvəlində Milli Konsepsiya üzrə yeni strateji hərəkət planı qəbul edəcəyik”.


Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionunda müşavir vəzifəsində çalışan Zaur Darğallı APA-ya açqılamasında dövlətin yeni qəbul edəcəyi Milli Konsepsiyanın azərbaycanlılar arasında müsbət qarşılandığını bildirib: “Biz, ilk öncə, Kvemo-Kartlidə bu sənədin müzakirəsini aparmaq istəyirik. Biz müxtəlif etnik azlıqları da bu sənədin müzakirə olunmasına cəlb edəcəyik. Onların rəyi, söylədikləri problemlər və təklifləri bizim üçün vacibdir. Tolerantlıq və Milli Konsepsiya planı müzakirə olunmaq üçün bütün dillərə tərcümə olunacaq. Nazirliyin istəyi odur ki, bütün bölgələrdə hər bir vətəndaş millətindən asılı olmayaraq özünü tamhüquqlu Gürcüstan vətəndaşı kimi hiss etsin”, deyə Zaur Darğallı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR