Gürcüstan hökumətinin üzvü Ziyafət Əsgərovla görüşüb

Gürcüstan hökumətinin üzvü Ziyafət Əsgərovla görüşüb
# 11 iyun 2013 16:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda səfərdə olan Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidze bu gün Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ilə görüşüb. Parlamentdən APA-ya verilən məlumata görə, Z. Əsgərov qonaqlara Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar barədə məlumat verib, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışıb.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizindən çoxu təcavüzkar Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox insan doğma yurd-yuvalarından didərgin düşüb: “Münaqişə ilə əlaqədar olaraq BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı Azərbaycanın torpaqlarının azad olunmasını tələb edən və ölkəmizi dəstəkləyən qətnamələr qəbul etsələr də, Ermənistan beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayaraq bu sənədlərdən irəli gələn tələbləri icra etmir. Bu gün Azərbaycanda məcburi köçkünlər üçün 78 şəhər tipli qəsəbə salınıb. Lakin bu, müvəqqətidir. Bu insanlar öz doğma yurd-yuvalarına qayıtmaq istəyirlər”. Z. Əsgərov deyib ki, hazırda münaqişə nəticəsində Azərbaycana dəymiş maddi ziyanın məbləği hesablanır və ilkin hesablamalara görə, bu rəqəm 300 milyard ABŞ dollarından çoxdur.

David Daraxvelidze Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, ölkəmizdə məcburi köçkünlərin və qaçqınların yaşadıqları məntəqələrdə insanlarla söhbətlərindən aldığı təəssüratları bölüşüb. O bildirib ki, Gürcüstanda da məcburi köçkünlər problemi mövcuddur və dövlət bu məsələnin həllinə çalışır.

Qonaq həm Gürcüstanda, həm də Azərbaycanda regional münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. Söhbət zamanı regionda Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələrdən söz açılıb. Qeyd olunub ki, bölgədə sülh və sabitlik, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR