Bakıda "İstedadlı uşaqlar festivalı-2014" adlı tədbir keçirilib - FOTOSESSİYA

Bakıda "İstedadlı uşaqlar festivalı-2014" adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 may 2014 10:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yarat-Müasir İncəsənət Məkanı ilə birgə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "İstedadlı uşaqlar festivalı-2014" adlı tədbir keçirilib.

APA - nın məlumatına görə, tədbirdə 200-ə yaxın uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və digər millətlərdən olan uşaqlar iştirak edib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, artıq 64 ildir bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunur: "Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqların hər birinin arzu və istəkləri yerinə yetəcək. Müharibədən, zorakılıqdan uzaq həyat sürəcəklər. Artıq ölkəmizdə ənənə halına çevrilmiş bu bayram yüksək səviyyədə keçirilir. Hər il olduğu kimi bu gün də bir qrup uşaqlara Komitənin təsis etdiyi "Azərbaycan Gələcəyi" mükafatları təqdim olunacaq”.

Komitə sədri qeyd edib ki, uşaqların hərtərəfli inkişafında, intellektual və hüquqi biliklərə yiyələnməsində Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu var: "Hazırda III Ümumrespublika Uşaq Forumu ilə bağlı hazırlıq işləri aparılır. Mən əminəm ki, Azərbaycanda həyata keçirilən bütün proqramlar, layihələr və tədbirlər uşaqların inkişafına uğurlu töhfələr verəcək və onların mənafelərinin təmin olunmasına yönəldiləcək".

Daha sonra UNİCEF-in Azərbaycan nümayəndəsi Mark Herevard çıxış edib. O, uşaqları bu gün münasibətilə təbrik edərək bildirib ki, uşaqlar bu ölkənin həm bu günü, həm də gələcəyidir: "Bu gün burada iştirak edən uşaqların hər biri istedadlıdır. Bu istedaddan istifadə edib ölkə üçün daha gözəl töhfələr verə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram".

Tədbirdə elm-təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş uşaqlar təşkilatçılar tərəfindən mükafatlandırılıblar, "Azərbaycanın gələcəyi" kuboku ilə təltif olunublar.

Tədbirdə həmçinin uşaqların rəsm əsərlərinin nümayişi və "İstedadlı uşaqlar-2014 " adlı qısa filmin təqdimatı olub.

Tədbirin ikinci hissəsi uşaq yaradıcılıq qrupları tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR