Həsən Ruhani: “Gələn həftədən başlayaraq Urmiya gölündəki böhranı həll etmək üçün bütün araşdırmalara baxacağıq”

Həsən Ruhani: “Gələn həftədən başlayaraq Urmiya gölündəki böhranı həll etmək üçün bütün araşdırmalara baxacağıq”
# 11 iyun 2014 17:04 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidenti Həsən Ruhani Urmiya gölündəki ekoloji böhrandan danışıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Həsən Ruhani xatırladıb ki, İran Nazirlər Kabineti ötən il Urmiya gölü ilə bağlı yığıncaq keçirib: “Həmin toplantıda Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün işçi qrupu yaradılıb. Həmin qrup tərəfindən hesabat hazırlanır. Gələn həftədən başlayaraq Urmiya gölündəki böhranı həll etmək üçün bütün araşdırmalara baxacağıq”.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Tokio Urmiya gölünün bərpası məqsədilə 1 milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR