Türkiyədə korrupsiya ilə bağlı cinayət işinin istintaqından kənarlaşdırılan prokuror istintaqa təzyiq olduğunu bəyan edib

Türkiyədə korrupsiya ilə bağlı cinayət işinin istintaqından kənarlaşdırılan prokuror istintaqa təzyiq olduğunu bəyan edib
# 26 dekabr 2013 19:48 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Müəmmər Akkaş “Turkiye” qəzetində dərc olunmuş açıq məktubunda yazıb: “Bu gün istintaqdan kənarlaşdırılmağımdan xəbər tutdum. Cəmiyyət bilməlidir ki, baş prokuror istintaq araşdırmasının aparılmasına mane olur, istintaqa təzyiq edilir. Şübhəli şəxslərlə bağlı tədbirlər görməyə mane olur, onların istintaqdan yayınmalarına şərait yaradır, əleyhlərinə olan dəlilləri pərdələyir. Məhkəmə qərarlarının prokurorluq tərəfindən icra edilməməsi vəzifə cinayətidir”.

Prokuror deyib ki, ictimaiyyət məhkəmənin müstəqilliyinin müdafiəsi ilə bağlı çıxış etməlidir: “Bu mürəkkəb prosesdə mən rəhbərlik başda olmaqla, bütün hüquq ictimaiyyətinin, məhkəmənin müstəqilliyinə hörmətlə yanaşmasını gözləyirəm”.

Qeyd edək, bu gün Türkiyədə rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə yeni şübhəlilərin saxlanılması ilə bağlı sanksiya verən prokuror Müəmmər Akkaş cinayət işinin istintaqından kənarlaşdırılıb.

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, cinayət işinin dosyesi dekabrın 25-də aralarında hökumətə yaxın tanınmış şəxslərin, dövlət məmurlarının, iş adamlarının olduğu 30 nəfərin həbsinə və axtarışlara sanksiya verən prokuror Müəmmər Akkaşdan alınıb. İstintaqı bundan sonra İstanbul baş prokurorunun müavini Oktay Ərdoğan aparacaq.

Qeyd edək ki, M. Akkaşın imzaladığı sanksiya polis tərəfindən icra olunmayıb. Həbs olunması tələb edilən 30 nəfərin arasında baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın da olduğu iddia edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR