Bakıda beynəlxalq nəqliyyat sərgisi başlayıb - FOTOSESSİYA

Bakıda beynəlxalq nəqliyyat sərgisi başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2013 09:23 (UTC +04:00)

İyunun 15-dək keçiriləcək sərgi Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkəti tərəfindən təşkil olunub.

«APA-Economics»in məlumatına görə, Azərbaycanda infrastrukturun inkişafına şərait yaradan və tranzit yüklərin Azərbaycan ərazisindən istifadə etməklə cəlb olunması imkanlarının nümayişinə xidmət edən bu sərgi Qafqazda mühüm nəqliyyat forumu hesab olunur. Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov, həmçinin nəqliyyat sektorunda fəaliyyət göstərən digər dövlət təşkilatları və qurumlarının rəsmiləri iştirak ediblər.

Bu il sərgidə 19 ölkədən 90 şirkət iştirak edir. Ötən illə müqayisədə sərginin ekspozisiya meydançası 20% genişləndirilib və sərgi iştirakçılarının təxminən 40%-i «TransCaspian-2013» sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Bu il keçirilən sərginin fərqli xüsusiyyəti isə öz meydançasını xeyli genişləndirərək iştirakçıların ümumi sayının 50%-ni təşkil edən xarici eksponentlərin fəal iştirakıdır. Belə ki, xarici eksponentlərin sırasına Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan olan şirkətlər daxildir. İsveç və Rumıniya sərgidə debüt edən iştirakçı ölkələrdir. Latviya milli stendi ardıcıl olaraq üçüncü ildir ki, sərgidə iştirak edir.

Kommersiya təşkilatları ilə yanaşı, sərgidə həmçinin Azərbaycan Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi Azərbaycanın dövlət nəqliyyat strukturları da iştirak edir.

Dəmiryol və avtomobil yolu nəqliyyatı, dəniz və quru ilə daşımalar, limanlar və liman avadanlıqları, neftin nəqli, habelə informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri kimi bölümlər sərgidə geniş şəkildə təqdim olunub. Daşıma sektorunu Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edir. Bu il müsbət dinamika nümayiş etdirən «Gəmiqayırma və gəmilərin təmiri» bölümü isə İsveç, Ukrayna və Azərbaycandan olan şirkətlər tərəfindən təqdim olunub.

Qeyd edək ki, təsis edildiyi vaxtdan «TransCaspian» sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən dəstəklənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR