Arda Turanın “Atletiko”suna qalib gələn 14 yaşlı “Bakı”lılar... - VİDEO

Arda Turanın “Atletiko”suna qalib gələn 14 yaşlı “Bakı”lılar... - <span style="color: red;">VİDEO
# 04 iyun 2014 16:54 (UTC +04:00)
Bakı-APA. Bu yeniyetmələr “Bakı” futbol klubunun 14 yaşlı çempionlarıdır. Mövsüm onlar üçün olduqca uğurlu oldu. Çempionluq uğrunda həlledici görüş çərçivəsində “Neftçi” ilə qarşılaşan komanda oyundan qalib ayrıldı. 2:1 hesabı ilə rəqibə qalib gələn komanda Azərbaycan çempionluğu adını qazanmaqla yaşıdları arasında ölkənin ən güclü komandası olduğunu göstərdi.
Komandanın baş məşqçisi Asif Abbasov deyir ki, istənilən klubun peşəkarlaşması üçün uşaq komandalarına malik olması, bu idman növünü azyaşlılar və yeniyetmələr arasında inkişaf etdirməsi həddən artıq vacib şərtdir. Elə bu baxımından "Bakı" futbol klubu çox şanslıdır: “Final bizim üçün, uşaqlar üçün uğur qazanmaq üçün son hədd idi. Onu da əldə etdik. Maraqlı oyun oldu. Hesabda geriyə düşdük, amma uşaqlar gözəl oyunu, müəllimin verdiyi taktiki məsləhətlərə əməl etməklə 2:1 hesabı ilə qalib gəldilər”.
Baş məşqçi hesab edir ki, yeniyetmələrin qalib gəlməsində onların İspaniya səfərinin də böyük rolu olub. Komanda İspaniyada "Atletiko" komandasının oyunçusu Arda Turanla görüşüb, söhbətləşiblər. Sonra futbolçularımıza üzərində adları yazılan "Atletiko" formaları hədiyyə olunub.
“Dörd oyun oynadıq. Siz bilirsiniz ki, İspaniyanın “Atletiko” komandasının aşağı yaş qruplarındakı oyunçular çox güclüdür. Onlarla oynamaq çox çətindir. Orada təkcə 14 yaş qrupunda oynayan 12-13 komanda var. 4 oyundan ikisini udduq”.
Meydanı qalibiyyətlə tərk edən idmançılarımız Bakıya xoş təəssüratlara qayıdıblar. U-14 komandasının uğur qazanmasında misilsiz xidmət göstərən oyunçulardan biri də İlkin Həsənlidir. Komandanın əsas müdafiəçilərindən olan İlkin İspaniyada tanınmış futbolçuları görəndən sonra futbola marağının daha da artdığını deyir: “Dörd oyun keçirdik, ikisini udduq, ikisini uduzduq. Azərbaycanı təmsil edirdik. Adımıza layiq də oynadıq. Güclü oyunçulardır. Biz də onlardan geri qalmırdıq. Onlar bizdən məşq və rejimlərinə görə fərqlənirdi. Onları görəndə adam daha da həvəslənir ki, onlar kimi futbolçu olsun, daha da irəli getmək istəyir”.
263 saylı orta məktəbdə oxuyan İlkin futbolla 7 yaşından məşğul olur. Əvvəl həvəskar olsa da, sonradan bu işlə daha ciddi məşğul olmağa başlayıb. İndi İlkin həftədə 4 dəfə məşqlərə gəlir. Artıq özü üçün ideal futbolçular da seçib: “Ən çox atam istəyir ki, futbolçu olum. Arzum futbolda qabağa getməkdir. Hələlik yaxşıya doğru gedirəm. Azərbaycanda Rəşad Sadıqovu, dünya futbolunda isə Pikeni bəyənirəm”.
Artıq İlkinin oynadığı komanda yaşıdları arasında Azərbaycan çempionudur. Son oyundan danışan gənc futbolçu deyir ki, hələ qarşıda çox qələbə var: “Ən yaxşı komanda "Neftçi" ilə "Bakı" idi. Elə finalda da onlar qarşılaşdı. "Neftçi"ni məğlub etməklə öz gücümüzü ortaya qoyduq”.
İspaniya və Bakıdakı oyunlarla bağlı öz təəssüratını bölüşən Şakir Seyidov da komandanın əsas oyunçularındandır. Ən çox qol vuran oyunçu olan Şakir milli komandada oynamaq arzusundadır: “İspaniyada olan oyun maraqlı oldu. Birinci oyuna hamı həvəslə çıxdı. Hər kəs ancaq qalib gəlməyi düşünürdü. Bu oyunda hamı ürək qoydu və qalib gəldik. Oyunda hücum vəziyyəti yarandı , mən də vurmalı idim. Vurdum, qol oldu. O biri qolu Mirnahid vurdu, hesab 2:0 oldu. Sonra onlar bir qol vurdu. Oyun bitdi və qalib gəldik”.
Komandanın digər üzvü Riad Abbaszadə də özünü iddialı oyunçu hesab edir: “Orta xətt yarımmüdafiəçisiyəm. Komandamızda ən çox qol ötürmə verən oyunçuyam. İspaniyada oyun yaxşı oldu. Birinci hissə bir az çətin idi. Onlar bizdən boyca və fiziki cəhətdən böyük idilər”.
Komandanın ilk çempionluğu klubda qeyd olundu. Azərbaycan futbolunun inkişafında bu yeniyetmələrin də xidmətləri olacağına ümid edirik.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR