ABŞ Dövlət Departamenti ötən il İranda 642 nəfərin edam edildiyini açıqlayıb

ABŞ Dövlət Departamenti ötən il İranda 642 nəfərin edam edildiyini açıqlayıb
# 28 fevral 2014 13:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqları sahəsindəki vəziyyətlə bağlı ikinci illik hesabatı dərc edib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, sənəddə İranda insan haqları sahəsindəki vəziyyət də yer alıb.

Hesabatda bildirilir ki, İranda insan haqlarının pozulduğu və bu vəziyyətin Həsən Ruhaninin hökumət başına gəlməsindən sonra da davam etdiyi bildirilib. Sənəddə İranda bu il iyunun 14-də keçirilmiş prezident seçkilərində namizədlərə məhdudiyyətlərin yaradılması, xüsusilə eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin seçkilər buraxılmaması, narkotik maddələrin qaçaqmalçılarının edam edilməsi, homoseksuallara qarşı sərt davranılması, uşaq və qadınlara, etnik azlıqlara qarşı ayrı-seçkilik siyasətinin tətbiqi, dini etiqad, söz və ifadə azadlığına qarşı məhdudiyyətlər, internetə senzura qoyulması, kiberməkana nəzarət, həbslər, təqib və təzyiqlər, 2009-cu ildə ölkədə keçirilmiş mübahisəli prezident seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı bəzi siyasi şəxslərin ev dustaqlığında saxlanılması və s. məsələlər insan haqlarının pozulması faktı kimi qeyd edilib.

ABŞ Dövlət Departamenti hesabatında həmçinin qeyri-hökumət təşkilatlarının insan haqlarının vəziyyəti ilə bağlı sənədlərinə əsaslanaraq İranda ötən il 642 nəfərin edam edildiyini açıqlayıb: “Onların əksəriyyəti “Allaha qarşı müharibə aparmaq” və “yer üzündə fəsad törətmək” ittihamları ilə ölüm cəzasına məhkum edilib”.

Eyni zamanda sənəddə İranda öz tarixi torpaqlarında yaşan Azərbaycan türklərinin də hüquqlarının pozulmasına, cəzaçəkmə müəssisələrində işgəncələr və digər qeyri-insani davranışlara toxunulub: “Böyük Britaniyanın Essex Universitetinin araşdırmalarına görə İran həbsxanalarında 217 min məhbus var. Halbuki İran həbsxanalarının məhbus tutumu 113 min nəfərdir. Bundan əlavə, Tehranın Evin həbsxanasında 209-cu və 350-ci bəndlərində, həmçinin Gövhərdaşt zindanının 8-ci bəndində siyasi məhbuslar saxlanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR