Oqtay Şirəliyev: “Azərbaycandan xaricə müalicəyə gedənlərin sayı ildə orta hesabla iki mindən çox deyil”

Oqtay Şirəliyev: “Azərbaycandan xaricə müalicəyə gedənlərin sayı ildə orta hesabla iki mindən çox deyil”
# 14 mart 2014 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Çox vaxt insanlar xaricdə istirahət edərkən, yaxud sadəcə, iş üçün harasa gedərkən fürsətdən istifadə edib həmin ölkədə "check up" adlandırılan ekspres-diaqnostikadan keçirlər. Burada qınamalı heç nə yoxdur, bu öz sağlamlığının qayğısına düzgün qalmağın göstəricisidir”.

APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev “Tibb” qəzetinə müsahibəsində insanların müalicə üçün xaricə üz tutmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ildə orta hesabla xaricə müalicəyə gedən həmvətənlərimizin sayı iki mindən çox deyil. Nazir qeyd edib ki, halbuki həmin müddətdə 800 minə yaxın vətəndaşımız Azərbaycan xəstəxanalarında müalicə olunur: “Onları sağaldan da xaricilər deyil, Azərbaycan həkimləri olur”.

Yüksək vəzifəli məmurlarının, deputatların xarici ölkələrin klinikalarında müalicəyə üstünlük verməsinə gəlincə, nazir qeyd edib ki, onların heç də hamısı həmişə bu addımı atmır. Onun fikrincə, bu qəbildən olan vətəndaşlar və onların ailə üzvlərinin çoxu yerli klinikalarda müalicə olunur: “Amma, əlbəttə, elə də olur ki, cəmiyyətdə tanınan şəxs sağlamlıq durumu barədə məlumatların yayılmasını istəmədiyinə görə, yaxud hansısa digər səbəblərdən müalicə üçün xaricə gedir. Təəssüf ki, tək-tək həkim uğursuzluqları bəzən bütün ölkə səhiyyəsinə şamil edilir, şişirdilir və bütün yerli həkimlərə inamsızlıq yaradılır. Azərbaycan həkimlərinin həyata keçirdikləri çox mürəkkəb ürək əməliyyatları, böyrək köçürmə və sair üzrə çətin cərrahi müdaxilələr isə bu fonda tamamilə nəzərdən yayınır. Halbuki onlar çox yüksək dərəcədə peşəkarlıq, müasir bilik və bacarıqlar, mürəkkəb və yüksək texnoloji avadanlıqda işləmək təcrübəsi tələb edir. İnanın ki, Azərbaycanın özünün peşəkar tibb işçisi kifayət qədərdir. Kimisə tərifləmək üçün başqasını tənqid etmək gərək deyil. Əlbəttə, heç kimin xarici təbabətin nailiyyətlərini qiymətdən salmaq fikri yoxdur. Sadəcə, bu zaman yerli həkimləri ucdantutma qaralamaq da lazım deyil”.

Səhiyyə naziri əlavə edib ki, hər gün Azərbaycanda 170 min nəfər ambulator yardım üçün poliklinikalara müraciət edir və orta hesabla 26 min pasiyent stasionarlarda müalicə olunur: “Təbiidir ki, bizdə də xəstəxanalar üzrə ölüm göstəricisinin statistikası var və o, 0,3% təşkil edir. Heç bir kəs belə bir danılmaz faktı inkar edə bilməz ki, ölüm göstəricisinin faizi yüksək olan xəstəliklər var. Bu, ilk növbədə onkologiya, ürək-damar, nevroloji xəstəliklərdir. Həyatla bir araya gəlməyən travmalar var. Bütün dünyada xəstələr arasında vəfat edənlər olur, Azərbaycan da bu cəhətdən istisna deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR