Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydaları və ödənişlərin məbləği müəyyənləşdirilib

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydaları və ödənişlərin məbləği müəyyənləşdirilib
# 03 may 2015 11:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ni təsdiq edib.

APA-nın məlumatına görə, Bu Qayda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər (təbiət istifadəçisi) tərəfindən beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadənin ödənişlərinin əsaslarını və ödənişin məbləğini müəyyən edir.

Bələdiyyələrin, təbiət istifadəçisinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahələrində təşkil edilmiş yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadə üçün ödənişlər onların təsisçiləri tərəfindən müəyyən olunur və tətbiq edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadə üçün ödəniş bu ərazilərin fəaliyyət rejiminin xüsusiyyətləri və istifadənin əlverişliliyi, habelə əldə oluna biləcək gəlirlər, əraziyə dəyə biləcək antropogen təsirlər və onların aradan qaldırılması ilə əlaqədar çəkiləcək xərclər və analoji xidmətlər üzrə müəyyən olunmuş məbləğ və tariflər nəzərə alınmaqla formalaşdırılır.

Ödənişli əsaslarla istifadə elmi və tədris məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bütün növlərində, mədəni, turizm və rekreasiya məqsədi ilə milli parkların turizm və rekreasiya, turistlərə və başqalarına xidmət göstərilən zonalarında, təbiət parklarının turizm və rekreasiya zonalarında, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların ekspozisiya, ictimai və inzibati zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində, məhdud təsərrüfat məqsədi ilə milli parkların, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların fəaliyyətini təmin etmək üçün təsərrüfat- istehsalat zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində tətbiiq edilir. Dövlət təbiət qoruqlarının ərazisinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi olmadan daxil olmağa və həmin ərazinin elmi, tədris məqsədi ilə ödənişli əsaslarla istifadəsinə yol verilmir. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə ödənişli əsaslarla istifadə fiziki və hüquqi şəxslər tərəfindən təbiət istifadəçisi ilə bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

Təbiət ərazilərindən istifadə zamanı təbiət istifadəçisi təbiəti mühafizə qanunvericiliyinin tələblərinə riayət etməli, istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməməli, sanitariya qaydalarına əməl etməli, xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə mal-qaranın buraxılmasına və istifadə olunan ərazilərə bitişik yaşıllıqların qanunsuz qırılmasına yol verməməli, istifadəyə verilmiş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yüksək dağlıq hissələrinə yürüş edən təbiət istifadəçisində təhlükəsizlik məqsədi ilə çadır, yataq kisəsi, xüsusi geyim, bel çantası, qumquma (suqabı) kimi əşya və avadanlıqların, zəruri ərzaqların olması məcburidir.

Təbiət ərazilərindən istifadə üzrə ödənişin məbləğinə gəlincə, xüsusi mühafizə olunan təbiət ərazisinə (dövlət təbiət yasaqlıqları istisna olmaqla) daxil olmaq və turist marşrutları ilə hərəkət etmək gündəlik adambaşına 2 manat, təbiət ərazilərinin (dövlət təbiət yasaqlıqları istisna olmaqla) yüksək dağlıq hissələrinə daxil olmaq və turist marşrutları ilə hərəkət etmək gündəlik adambaşına 4 manat, təbiət ərazilərinin yüksək dağlıq hissələrində bələdçi xidmətləri göstərmək (6 nəfərədək qrup üçün bir bələdçi olmaqla) 1 gün üçün 3000 metr yüksəkliyədək 20 manat, 3000-4000 metr yüksəkliyədək 30 manat, 4000 metrdən yüksək olan ərazilər üçün 50 manat müəyyən edilib. Xüsusi mühafizə olunan təbiət ərazisində və obyektində elmi araşdırmalar, müşahidələr, monitorinqlər aparmaq gündəlik adambaşına 2 manat, professional video və foto çəkilişləri etmək 1 gün üçün 20 manat, mədəni tədbirlər təşkil etmək 50 nəfərədək 1 gün üçün 50 manat, 50 nəfərdən çox 1 gün üçün 100 manat olacaq. Bu ərazilərdə avtonəqliyyat vasitələrini dayanacaqla təmin etmək

hər avtonəqliyyat vasitəsi üçün 1 saat üçün 50 qəpik, gündəlik - 5 manat, təbiət istifadəçilərinə xidmət göstərilməsi üçün müvəqqəti iaşə, ticarət və digər mədəni təyinatlı səyyar obyektlər (köşklər) yerləşdirmək

hər səyyar obyekt (köşk) üçün gündəlik 5 manat, aylıq 100 manat, mehmanxanalarda, kempinqlərdə, turbazalarda və digər iaşə obyektlərində təbiət istifadəçilərinin yerləşdirilməsi hər adam-gün üçün 2,5 manat müəyyən edilib.

Təbiət istifadəçisi tərəfindən xüsusi mühafizə olunan təbiət ərazisində yem və dənli bitkilərin əkilməsi bir hektar üçün illik iqtisadi rayonları üzrə Abşeron və Aranda dəmyə torpaqlar üçün 30 manat, suvarılan torpaqlar üçün 50 manat, Dağlıq Şirvan, Yuxarı Qarabağ, Quba-Xaçmazda dəmyə torpaqlar üçün 35 manat, suvarılan torpaqlar üçün 55 manat, Lənkəran, Gəncə-Qazax, Şəki-Zaqatalada dəmyə torpaqlar üçün 40 manat, suvarılan torpaqlar üçün 60 manat olacaq. Bu ərazilərdə arı pətəklərinin (ailələrinin) yerləşdirilməsi hər arı pətəyi (ailəsi) üçün aylıq 1 manat, yabanı meyvə, göbələk, giləmeyvə, palıd qozası və digər bitkilər yığmaq 5 kq-dək olan 1 qaba görə 5 manat, xüsusi mühafizə olunan təbiət ərazisinin loqosundan istifadə etmək illik 100 manat, tədris və məşğələ (treninq) proqramlarının təşkili gündəlik adambaşına 1 manat müəyyən edilib.

Milli parkların turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitin yaradılması Mülki Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikasının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” və “Turizm haqqında” qanunlarına uyğun olaraq, müvafiq milli parkın xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə ilə təbiət istifadəçisi arasında bağlanılmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir. Qaydaya əsasən xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı imtiyazlı hesab olunan və ödənişdən azad edilən şəxslər də müəyyən edilib. Bura xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin əməkdaşları (xüsusi vəsiqələrini təqdim etməklə), bu ərazilərin və obyektlərinin müvafiq ərazilərlə bağlı xidməti vəzifələrini yerinə yetirərkən gələn dövlət və bələdiyyə orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların işçiləri (təsdiqedici sənədi təqdim etməklə), Milli Qəhrəmanlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə), məktəbəqədər uşaqlar, məktəblilər və onları müşahidə edən müəllimlər, xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə müqavilə əsasında istifadə zamanı təbiət istifadəçisi və onun Əmək Məcəlləsi çərçivəsində fəaliyyət göstərən xidməti heyət üzvləri (müvafiq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarənin təsdiq etdiyi siyahıya uyğun olaraq) daxildir. Xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə (milli parkların yüksək dağlıq hissələri istisna olmaqla) giriş zamanı güzəştli şərtlərdən (müəyyən olunmuş məbləğin 25 faizini ödəməklə və müvafiq təsdiqedici sənədləri təqdim etməklə) ali məktəb tələbələri və əlillik dərəcəsi olan şəxslər istifadə etmək hüququna malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR