İlin əvvəlindən DSMF-nin gəlirləri 9% artıb

İlin əvvəlindən DSMF-nin gəlirləri 9% artıb
# 17 noyabr 2014 10:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Pensiya islahatı konsepsiyasının tətbiqi nəticəsində növbəti ildən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin tərtibi qaydası dəyişəcək.

APA-Economics”in xəbərinə görə, bunu “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə tutulan pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məsələsinə aydınlıq gətirən DSMF-nin sədri E. Mehdiyev bildirib.

Fond sədri qeyd edib ki, hazırda ödənilən, eləcə də yeni təyin olunan pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 mlrd. manatdan çoxdur. 2015-ci ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,1 mlrd. manat nəzərdə tutulub. Bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldiləcək: “Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də formalaşdırmaqdadır. Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilmişdir”.

E. Mehdiyev həmçinin 2014-cü ilin ilk 10 ayında DSMF-nin büdcəsinin icrası ilə bağlı məlumat verərək qeyd edib ki, ümumilikdə, bu dövr ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 10 ay ərzində fondun gəlirləri 2 402,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8% çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11% artaraq 1 386,2 mln. manata çatıb. Bu daxilolmaların 65,2%-i qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7% çoxdur. Bu ilin yanvar-oktyabr aylarında fondun xərcləri 2377,2 mln. manat olub və bunun 98,1%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR