ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində Cənubi Qafqazla bağlı dinləmələr keçirilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində Cənubi Qafqazla bağlı dinləmələr keçirilib
# 06 dekabr 2012 06:48 (UTC +04:00)

Bakı – APA. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində Cənubi Qafqaza həsr olunmuş dinləmələr keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, Xarici Məsələlər Komitəsinin Avropa və Avrasiya məsələləri üzrə alt komitəsinin rəhbəri konqresmen Dən Börtonun sədrliyi ilə keçirilən dinləmələrdə bir sıra konqres üzvləri, o cümlədən ekspert qismində tədbirə qatılan Heritic Fondunun eksperti Ariel Kohen, Orta Şərq İnstitutunun tədqiqatçısı Aleks Vatanka, Hayfa Universitetinin nümayəndəsi Brenda Şaffer və region üzrə mütəxəssis alim Maykl Rubin çıxış edərək, regionun təhlükəsizlik mühitində Azərbaycanın müsbət rolunu xüsusi vurğulayıblar.

Tədbirdə Cənubi Qafqaz regionunun təhlükəsizlik mühitinə dair ətraflı müzakirələr olub, regiondakı vəziyyətə təsir edən amillər, o cümlədən xarici təsirlər barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanın regionun təhlükəsizlik mühitində sabitlik faktoru olduğu dəfələrlə vurğulanıb, onun beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olunub. Azərbaycanın əsas təşəbbüskar olaraq çıxış etdiyi Cənubi Qafqaz qaz dəhlizi ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilib və ABŞ-ın bu istiqamətdə siyasi dəstəyinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda natiqlər dünyəvi müsəlman ölkəsi olaraq Azərbaycanın ciddi uğurlar qazandığını bildiriblər.

Müzakirələr zamanı Cənubi Qafqaz regionunun ABŞ üçün önəmli olduğu vurğulanıb və ABŞ-ın regionla olan münasibətlərinin daha da intensivləşdirməsinin əhəmiyyəti qeyd olunub. Dinləmələrə sədrlik edən konqresmen Dən Börton ABŞ Administrasiyasını regionda aktivlik göstərməyə, xüsusilə də Azərbaycanla daha yaxından əməkdaşlıq etməyə çağırıb.

Dinləmələrə ABŞ ictimaiyyətinin, diplomatik korpusun, analitik dairələrin marağı böyük olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR