Türkiyə səfiri: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə güclü potensialı var”

Türkiyə səfiri: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə güclü potensialı var”
# 05 dekabr 2012 11:21 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun bildirib. O deyib ki, qoşunlarının təmas xəttində baş verən insidentlərin əsas səbəbi də Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir.

Səfir Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini də vurğulayıb: “Türkiyə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir. Lakin bu fəaliyyət 20 ildən çoxdur ki, ciddi irəliləyişə nail olmayıb. Azərbaycan və Ermənistan arasında atəşkəsin elan edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi kimi başa düşülməməlidir. Dünya birliyi də bilməlidir ki, hazırda Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının da müvafiq qətnamələri mövcuddur”.

Səfir bildirib ki, ermənilərin Xocalı hava limanını istifadəyə vermək istəyi Ermənistan diqqəti başqa istiqamətə yönəltmək niyyətindən irəli gəlir: “Xocalı hava limanı və yerləşdiyi ərazi Azərbaycana məxsusdur. Azərbaycandan icazəsiz heç bir dövlət burada hər hansı tədbirlər həyata keçirə bilməz. Ermənistan indi Xocalı hava limanını açmaqla işğalçılıq siyasətini dünyanın diqqətindən kənarlaşdırmaq istəyir. Ümüd edirik ki, bu münaqişə tezliklə sülh yolu ilə həll olunacaq. Əgər bu olmazsa, o zaman Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə güclü potensialı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR