İstanbulda Əziz Nesinin 100 illiyi münasibətilə foto və video sərgi açılıb - FOTO

İstanbulda Əziz Nesinin 100 illiyi münasibətilə foto və video sərgi açılıb - <span style="color: red;">FOTO
# 11 iyul 2015 09:34 (UTC +04:00)

APA-nın Türkiyə müxbiri xəbər verir ki, İstanbulun Tophanə səmtindəki salonda yazıçının həyat və yaradıcılığını əks etdirən foto və video sərgi açılıb.

Sərgidə Ə. Nesinin naşiri və əməkdaşı olduğu qəzet və jurnalların fotolarıyla yanaşı, dünyanın bir çox dilində çıxmış kitablarının kolleksiyası da nümayiş etdirilir. Kolleksiyada Ə. Nesinin SSRİ dönəmində Bakıda çıxmış “Kor döyüşü” kitabı da var.

Yaradıcılığı boyunca 110 kitabı nəşr olunan Ə. Nesinin kitablarının indiyə qədərki tirajı 10 milyon 166 min ədəddir ki, bu da hər kitabın ortalama 100 min tirajla çap edildiyini göstərir.

“Ömrünə sığmayan adam” adlı sərginin açılışı münasibətiylə yazıçının qurduğu Nesin Vəqfi eyni adlı kataloq çap edib. Nesinin əsərləri dünyanın 100-dən artıq dilinə tərcümə edilib. Məqalə və müsahibələrində Əziz Nesin Azərbaycan ədəbiyyatından Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin davamçısı olduğunu daim vurğulayıb.

Qeyd edək ki, 1915-ci ildə İstanbulda anadan olan Əziz Nesin (ailəsinin qoyduğu ad Məhmət Nüsrət olub) 12 yaşında roman yazmağa təşəbbüs göstərib. Litseyi bitirəndən sonra hərbi məktəbə daxil olub. Yazılarına görə təqiblərə məruz qalan Nesin 1944-cü ildə baş leytenant rütbəsində ordudan ayrılıb peşəkar yazarlığa davam edib.

Səbahəttin Əli ilə “Marka Paşa” adlı satira qəzeti çıxarıb. Çıxardığı və işlədiyi hər mətbuat orqanı qısa müddətdə dövlət tərəfindən qapadılmasına görə tez-tez işsiz qalan Nesin 1952-53-cü illərdə qəzetləri abunəçilərə paylama işiylə də məşğul olub. Dünya Əziz Nesini 1960-cı ildə İtaliyanın ona verdiyi beynəlxalq mükafatla tanıyıb. Maddi sıxıntılarını çap etdirdiyi kitabları və qəzet-jurnallardakı yazılarından aldığı qonorarlarla geridə qoyan Əziz Nesin, istedadlı uşaqlara daha yaxşı təhsil vermək üçün 1972-ci ildə Nesin Vəqfini qurub.

1974-cü ildə Jurnalistlərin Həmkarlar Təşkilatını quran Əziz Nesin 15 il təşkilatın başqanı olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra təzyiqlərə məruz qalan Nesin buna rəğmən ölkəsini tərk etməyib.

1985-ci ildə 12 sentyabr xuntasının başqanı, dönəmin prezidenti Kənan Evrenə ünvanlanmış “Aydınlar ərizəsi”ni hazırladığına görə, məhkəməyə verilsə də, məhkəmə bəraətlə nəticələnib. 1990-cı illərin əvvəllərində “Aydınlık” qəzetini çıxarıb.

2 iyul 1993-cü ildə Sivasdakı “Madımak” oteli yandırılarkən orada olan Əziz Nesin yanğın pilləkənləriylə oteldən çıxarıla bilib. 6 iyul 1995-ci ildə İzmirin Foça qəsəbəsində vəfat edən Əziz Nesin vəsiyyətinə görə qurduğu Vəqfin həyətində dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR