Müsavat Məclisinin üzvü: “Qurultayı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirə bilərik”

Müsavat Məclisinin üzvü: “Qurultayı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirə bilərik”
# 26 iyul 2014 10:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyası çalışmalıdır ki, istənilən halda, hətta məhdud məkanda olsa belə, qurultayını keçirsin. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin yenidən təklif edilməsi Müsavat Partiyası tərəfindən qəbul oluna bilər və biz qurultayımızı rahat keçirə bilərik”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli deyib.

S. Məmmədlinin sözlərinə görə, partiya qurultayını Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirmək məsələsini yenidən nəzərdən keçirir: “Səttar Bəhlulzadə adına Mədəniyyət Evində tədbir keçirmək bizi qane edir, biz həmin zalda qurultayımızı keçirə bilərik. Əvvəlki dönəmdə ona görə buna etiraz edirdik ki, bu zal bizə yetərli deyildi. Çünki partiyaya 1000 nəfərlik zalın ayrılmasını istəyirdik. Sözsüz ki, hər kəs istəyər ki, gözəl, yetərli zal olsun. Amma mən düşünürəm ki, bütün partiya, ictimaiyyət həyatını məhz “bu zal olsa, qurultay keçiriləcək, bu zal olmasa keçirilməyəcək” fikrinə istiqamətləndirmək düzgün deyil. Çünki hər bir təşkilat tarixən öz proqramında qarşıya qoyduğu məqsədləri həyata keçirmək üçün yalnız hakimiyyət orqanlarının müraciətə verdiyi cavabdan asılı olmur ki? Əsas odur ki, şəraitə uyğun addım atılsın, partiya yenilənsin”.

S. Məmmədli qeyd edib ki, hazırda Müsavat Partiyasının Nizamnaməsinə başqanlıq məsələsi ilə bağlı dəyişikliyin edilməsi çoxluq tərəfindən dəstəklənmir: “Tam əminliklə deyə bilərəm ki, bu təklif irəli sürülsə belə, qəbul edilməyəcək. Müsavat başqanının iki dəfədən artıq seçilmək hüququnun olması da reallıqdan kənar məsələdir. Çünki bu təklif indiki başqan tərəfindən irəli sürülüb və Nizamnamədə əksini tapıb. Bilirəm ki, İsa Qəmbər özü də sözügedən dəyişikliyi dəstəkləmir”.

Müsavat funksioneri İsa Qəmbərin başqanlıqdan getməsinin partiyanın fəaliyyətinə mənfi təsir göstərəcəyi, istefalara səbəb olacağı fikri ilə razılaşmayıb: “Tam əminəm ki, Müsavat Partiyasının üzvləri məhz Məhəmməd Əmin Rəsulzadə ideyalarına görə partiyaya qoşulublar. Təbii ki, hər bir liderin müsbət keyfiyyətlərinin partiya üzvlərinə təsiri var. Amma bu, həlledici məsələ deyil. Müsavat üzvləri Məhəmməd Əmin Rəsulzadə ideyalarına sadiqdirlər və bu düşüncə ilə yaşayırlar. Eyni zamanda əvəzolunmaz şəxslər yoxdur. Ona görə də rəhbərin dəyişməsinin cəmiyyət üçün də, Müsavat Partiyası üçün də ancaq müsbət nəticələri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR