Bahar Muradova: “Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasında fəal iştirak edib”

Bahar Muradova: “Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasında fəal  iştirak edib”
# 03 iyul 2016 21:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın Tiflisdə keçirilən sessiyası çərçivəsində ən fəal və ən çox töhfə verən nümayəndə heyətlərindən biridir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. Onun sözlərinə görə, Azərbaycan ATƏT PA-nın komitələrində sənədlərin hazırlanması prosesində prosedur qaydalarına uyğun olaraq bir sıra təklif və düzəlişlərlə çıxış edib: “Bu düzəlişlərin bir qismi hər zaman diqqətdə saxladığımız və bizi ciddi narahat edən Dağlıq Qarabağ məsələsi ilə əlaqədar olub. Siyasi komitədə və İnsan Haqları Komitəsindəki məruzələr ətrafındakı çıxışlarımızda həlli uzadılmış münaqişələrin ATƏT regionu və Avropa təhlükəsizliyi üçün ciddi təhdid olmasının istər məruzədə, istərsə də qətnamə layihələrində əksini tapmamasına narazılığımızı ifadə etmişdik və düzəlişlə çıxış etmişdik. Bu, bizim üçün çox əhəmiyyət kəsb edirdi və daha çox diqqət mərkəzində saxladığımız məsələ də bu idi.”


B. Muradova deyib ki, ATƏT PA-nın iştirakçıları artıq son illər, xüsusilə, son il yarımda bu məsələyə ciddi diqqət yetirməyə başlayıblar: “Əgər, əvvəllər bu məsələləri çox çətinliklə irəli sürə bilirdiksə, indi nümayəndə heyətləri bu məsələləri - ərazi bütövlüyü, ölkələrin suverenliyi, işğal məsələləri ilə bağlı mövqelərində artıq ciddi dəyişikliklər ediblər. Ona görə də Azərbaycan tərəfinin irəli sürdüyü uzadılmış münaqişələrin təhdid olması ilə bağlı təklifi çoxluq tərəfindən dəstəklənib və o qətnamə layihəsinə daxil edilib.”


B. Muradova açıqlamasında erməni nümayəndə heyətinin rəhbərinin hər zaman olduğu kimi adətinə xilaf çıxmadığını bildirib: “Ermənistan nümayəndə heyətinin rəhbəri Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Azərbaycanı ittiham etməyə, aprel hadisələri zamanı Azərbaycanın “Dağlıq Qarabağ Respublikası”na qarşı döyüşlər aparmaqda və onun guya ki, ərazilərinə hücum etməkdə ittiham etdi. Əlbəttə ki, bu absurd bir fikirlər idi. Nümayəndə heyətinin üzvləri Azərbaycanın mövqeyini dəstəklədilər, birmənalı olaraq həlli uzadılmış münaqişələrin vacibliyi qətnamə layihələrində vurğulandı. Xüsusilə də qeyd etməliyəm ki, Ermənistan nümayəndə heyətinin bir sıra təklif və düzəlişləri var idi. Bu düzəlişlərin mahiyyəti əlbətdə ki, ümumilikdə qəbul olunan və müzakirə olunan sənədin ruhuna uyğun deyildi. Onlar növbəti dəfə millətlərin öz müqəddəratını təyin etmək prinsipinin qətnamə layihəsinə daxil olunmasına cəhd göstərdilər və xüsusilə, ATƏT-in fəaliyyətdə olan sədrinin səlahiyyətlərinin aşağı endirilməsi ilə bağlı təkliflər irəli sürmüş, ərazilərin azad olunması, işğaldan qurtulmağın həyata keçirilməsində güc tətbiqinə qadağa qoyulması ilə bağlı təklif bildirmişdilər. Əlbəttə ki, Azərbaycan nümayəndə heyətinin üzvləri birmənalı şəkildə bu məsələyə qarşı çıxdı, Azərbaycan tərəfinin arqumentli cavabı parlamentariləri qane etdi və onlar bu məsələdə Azərbaycanı dəstəklədilər, Ermənistan tərəfinin bu təklifləri isə qətnamə layihəsinə salınmadı və rədd edildi,” B. Muradova qeyd edib.


B. Muradova üç gün ərzində Azərbaycanın gördükləri işi yüksək qiymətləndirib: “Biz çox fəal olaraq məsələlərə diqqət yetirməyə çalışmışıq və bütün proseslərdə yaxından iştirak etmişik. Təkcə Dağlıq Qarabağ və Azərbaycan ilə bağlı bütün məsələlərdə biz ATƏT regionunu narahat edən məsələlərlə bağlı öz mövqeyimizi, təklif və fikirlərimizi səsləndirmişik”, nümayəndə heyətinin rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR