Əli Həsənov: “Bakıdakı yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi üçün Abşeron rayonunun Qobu qəsəbəsində 500 hektar torpaq sahəsi ayrılıb”

Əli Həsənov: “Bakıdakı yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi üçün Abşeron rayonunun Qobu qəsəbəsində 500 hektar torpaq sahəsi ayrılıb”
# 11 aprel 2013 18:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Mingəçevir şəhərində məcburi köçkünlərlə görüş keçirən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov qeyd edib ki, qarşıdakı yaxın 3-4 ildə ölkədə ağır şəraitdə yaşayan bütün məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcək: "Hər il ölkədə 4 minədək ailə üçün yeni evlər tikilir. Ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən Bakı şəhərindəki yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi və onlar üçün müəyyən iş yerlərinin yaradılması məqsədilə yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Bu məqsədlə Abşeron rayonunun Qobu qəsəbəsində 500 hektar torpaq sahəsi ayrılıb. Bundan əlavə hazırda 9 şəhər və rayonda məcburi köçkünlər üçün yaşayış evləri inşa edilir.

Mingəçevirdə 20 minə yaxın məcburi köçkün yaşayır. Mingəçevirdə artıq 502 ailə üçün 10 ədəd 9 mərtəbəli binadan ibarət yaşayış kompleksinin inşası başa çatdırılıb və yaxın günlərdə məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaq. İlk öncə bu şəhərdə yaşayış şəraiti daha ağır olan ailələr yeni evlərlə təmin olunacaq. Ölkədə 6 minə yaxın məcburi köçkün vaxtilə yerli icra nümayəndələri tərəfindən rayon və şəhərlərdə boş, yaşayış olmayan evlərdə yerləşdiriliblər. Hazırda onların da yeni evlərlə təmin olunması prosesi davam edir. Bugünədək artıq 40-dək belə məcburi köçkün ailəsi yeni evlərə köçürülüb”.

Komitə sədri məlumat üçün bildirib ki, 2011-2013-cü illərdə 2 milyon kvadratmetr sahəsi olan, 31 min mənzildən ibarət və bütün sosial-texniki infrastruktura malik olan 78 müasir qəsəbə salınıb, 140 minədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2013-cü ildə daha 4 min ailə, yəni 20 minə yaxın məcburi köçkün üçün daha 8 qəsəbə və məhəllə salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR