“Başak-İnam” sığorta şirkəti nizamnamə kapitalını artırır

“Başak-İnam” sığorta şirkəti nizamnamə kapitalını artırır
# 11 noyabr 2014 09:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümumi yığıncaqda səhmdarlar nizamnamə kapitalinin artırılması məsələsini müzakirə edərək şirkətin nizamnamə kapitalını 6 mln. manatdan 9 mln. manatadək qaldırılmasına qərar veriblər. Belə ki, şirkətin nizamnamə kapitali cari ildə 7 mln. manata, 2015- ci il ərzində 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata çatdırılacaq.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir. 04.11.2014-cü il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Başak-İnam Sığorta Şirkəti” ASC-nin kapitalını yetərsiz hesab edib və 6 ay müddətində bu kapital yetərsizliyini aradan qaldırmağı tələb edib. Bütün bunları nəzərə alaraq hesab edirik ki, səhmdarlarımızın kapital artımı haqqında verdiyi qərar bu tələbi qarşılayacaq”-deyə, “Başak-İnam Sığorta Şirkəti” ASC-nin İdarə Heyəti sədri Orxan Həsənov vurğulayıb.

O.Həsənov bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq şirkətin bütün sığortalıları (müştərilər) və tərəfdaşları qarşısında öhdəliklər yerinə yetiriləcək.

Qeyd edək ki, “Başak-İnam” sığorta şirkəti ümumilikdə 26 sığorta növü üzrə əhaliyə xidmətlər göstərərək, 2013-cü il ərzində 4,1 mln. manat sığorta haqqı toplayıb və 1,8 mln. manat sığorta ödənişi həyata keçirib. 2014-cü ilin ilk 10 ayı ərzində isə şirkət 2,5 mln. manat sığorta haqqı toplayıb və 1,1 mln. manat sığorta ödənişi həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR