Niderlandın “Financieele Dagblad” qəzeti “Cənub” qaz dəhlizindən yazıb

Niderlandın “Financieele Dagblad” qəzeti “Cənub” qaz dəhlizindən yazıb
# 10 oktyabr 2014 13:52 (UTC +04:00)

Bakı – APA. Niderlandın ən nüfuzlu iqtisadi qəzeti olan “Financieele Dagblad”da “BP begint bouw gaspijpleiding van Azerbeidzjan naar Europa” (BP Azərbaycandan Avropaya qaz kəmərinin inşasına başlayıb) başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə qeyd olunur ki, BP şirkətinin başçılıq etdiyi konsorsiumun inşasına başladığı qaz kəməri Avropa İttifaqı üçün Rusiya qazına alternativ imkanı yaradır.

Bildirilir ki, uzunluğu 3,5 min kilometr olan boru kəməri Bakıdan başlayaraq Gürcüstan, Türkiyə və Yunanıstandan keçməklə, İtaliyanın cənubuna qədər uzanır.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan qazının Avropaya ixracı Avropa İttifaqının Rusiyanın dövlət şirkəti olan “Qazprom”dan asılılığını azaltmalıdır: “Avropa İttifaqı 2009-cu ildə Ukrayna və Rusiya arasındakı qaz mübahisəsindən sonra Avropaya qaz nəqlini diversifikasiya etmək qərarına gəlib. “Cənub” qaz dəhlizinin siyasi əhəmiyyəti həmçinin Bakıda keçirilmiş təməlqoyma mərasimində Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun tədbir iştirakçılarına video-müraciətində vurğulanıb. ABŞ dövlət katibi Con Kerri isə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda qarşı tərəfi boru xəttinin əsasının qoyulması münasibətilə təbrik edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR