“Qəbələ” klubu Türkiyənin “Sarar” şirkəti ilə müqavilə imzalayıb

“Qəbələ” klubu Türkiyənin “Sarar” şirkəti ilə müqavilə imzalayıb
# 22 sentyabr 2015 12:35 (UTC +04:00)

Bakı – APA. “Qəbələ” klubunda yeni təyinat və sponsor müqaviləsi imzalanıb. Apasport.az saytının məlumatına görə, kluba yeni kommersiya direktoru vəzifəsinə Mustafa Aztopal gətirilib.

“Qırmızı-qaralar” həmçinin Türkiyənin “Sarar” şirkəti ilə geyim sponsorluğu müqaviləsi imzalayıb. Bununla bağlı bu gün “Qafqaz Point” otelində mətbuat konfransı təşkil edilib. Konfransda Mustafa Aztopal və “Sarar” şirkətinin əməkdaşı ilə yanaşı, “Qəbələ”nin futbol direktoru Toni Adams və marketinq üzrə menecer şöbəsinin müdiri Səməd Nəsibov da iştirak ediblər.

Konfransı açıq elan edən Nəsibov öncə yeniliklərlə bağlı danışıb: “Bu gün “Qəbələ” İdman Klubunun tarixində iki önəmli hadisə baş verib. Beynəlxalq brend olan “Sarar” firması ilə 2 illik sponsor müqaviləsi imzalayacağıq. Bu şirkət 5 qitədə, 51 ölkədə fəaliyyət göstərir. Bu da böyük keyfiyyət tələb edir. Futbolun inkişafında təkcə futbolçunun, məşqçinin, klubun xidməti yox, biznes şirkətlərinin və mətbuatın da böyük rolu var”.

Daha sonra çıxış edən “Sarar” şirkətinin əməkdaşı Məsut Özün bu sponsorluqdan məmnun olduqlarını bildirib: “Biz 1996-cı ildən bəri Türkiyə millisinin əsas sponsoruyuq. “Beşiktaş” və “Qalatasaray”la da əməkdaşlığımız olub. O ki qaldı “Qəbələ”yə, bu komandanın Avropa Liqasının qrupundan növbəti mərhələyə adlayacağına əminik”.

Klubla “Sarar” firması arasında imzalanma mərasimi təşkil edildikdən sonra yeni kommersiya direktoru Mustafa Aztopal təqdim edilib. O, nitqində Adamsın sayəsində ötən il klubla tanış olduğunu söyləyib: “İki həftə əvvəl Tale Heydərovla görüşümüz oldu. “Qəbələ”nin başlatdığı proyektə daxil olduğum üçün çox xoşbəxtəm. Azərbaycanda çalışacağım üçün xüsusi sevincliyəm. Çünki biz qardaşıq. “Sarar” şirkəti ilə bağlanılan müqaviləni ticari uğur hesab edirəm. Çünki “Sarar” çox önəmli markadı. Hərtərəfli əla bir kollektivə qoşulduğum üçün çox sevinirəm. Burda həvəslə çalışacağımdan əmin ola bilərsiniz”.

“Qəbələ”nin futbol direktoru Adams Azərbaycan dilində “xoş gəlmisiniz” dedikdən sonra təyinat və sponsorluq müqaviləsi haqda danışıb: “Panatinaikos”la oyun zamanı klub prezidenti Tale Heydərovla görüşdüm. Bizə yaxın əyləşmişdilər. “Panatinaikos”un geyimi çox yüksək səviyyədə idi. Dedim ki, gərək biz onlardan da yaxşı geyinək. Bundan sonra Almaniya və Rusiyada oyunlarımız olacaq, orda daha yaxşı geyinək, Azərbaycanı gözəl şəkildə təmsil edək. Səməd müəllimə təşəkkür edirəm ki, bu sponsoru kluba gətirdi. “Sarar”a da xüsusi təşəkkür edirəm ki, bizi daha gözəl geyimlə təmin edəcək. Bundan sonra “Sarar”ın brendini fəxrlə daşıyacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR