Çin ÜDM-in hesablanma metodikasını dəyişir

Çin ÜDM-in hesablanma metodikasını dəyişir
# 06 iyul 2016 12:47 (UTC +04:00)

Bakı - APA-Economics. Çin ÜMD-in hesablanma metodikasını dəyişir. Bundan sonra ÜDM hesablanan zaman bura məhsulların tədqiqatı və hazırlanmasına çəkilən xərc (R&D) də əlavə olunacaq. Bu, ÜDM-in həcmini artıracaq, lakin artım tempi demək olar ki dəyişməz qalacaq.

"APA-Economics" xəbər verir ki, Çinin Milli Statistika Bürosunun məlumatına əsasən, metodikanın dəyişməsi milli standartların BMT və digər beynəlxalq təşkilatların təsbit etdiyi beynəlxalq tələblərə cavab verməsinə kömək edəcək.

Çin rəsmiləri qeyd edir ki, metodikanın dəyişməsi rəsmi məlumatların dəqiqliyi ilə bağlı investorların və iqtisadçıların skeptisizmini yumşaldacaq: "Yeni metodika yalnız ÜDM-in həcmini artırır, bunun illik artım tempinə təsiri minimaldır".

Yeni metodikaya əsasən, 2015-ci ildə Çində 67,67 trln. yuan həcmində deyil, 68,55 trln. yuan həcmində ümumi daxili məhsul istehsal edilib.

Xatırladaq ki, 2015-ci ildə Çin iqtisadiyyatı cəmi 6,9% böyüyüb ki, bu da son 25 ilin ən aşağı göstəricisidir. Bu il rəsmi Pekin 6,5-7%-lik iqtisadi artım gözləyir. Maraqlıdır ki, bir sıra investisiya bankları və analitiklər artımın maksimum 6,4% olacağını gözləyir.

Milli Statistika Bürosu bildirir ki, R&D üçün çəkilən xərclər iqtisadi artıma zəruri dəstək verir: "Ənənəvi hesablama metodikası bu təsiri kölgədə saxlayır".

Maraqlı məqam ondan ibarətdir ki, R&D üçün çəkilən xərclərin artım tempi iqtisadi artım tempini ciddi şəkildə üstələyir. Beləliklə, Çin yeni metodikanın köməyi ilə ÜDM artımı ilə bağlı proqnozu dəqiq yerinə yetirəcək. Bundan sonra şirkətlərə iqtisadi fayda gətirən xərclər əsas kapitalın komponenti kimi göstəriləcək.

Anladığınız kimi, Çində artıq indidən ötən illərdəki ÜDM-in artım tempinin yeniləməyə başlayıblar. Yeni metodikaya əsasən 2014-cü ildə Çin iqtisadiyyatının artım tempi cüzi olaraq dəyişib və 7,3% qalıb. Lakin 2013-cü ilin analoji göstəricisi 7,7%-dən 7,8%-dək artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR