«ABB-Moskva» bankı Rusiya bazarında ilk istiqraz emissiyasına hazırlaşır

«ABB-Moskva» bankı Rusiya bazarında ilk istiqraz emissiyasına hazırlaşır
# 16 noyabr 2012 09:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə qurumu olan «ABB-Moskva» bankı Rusiyanın fond bazarında istiqraz emissiyasına hazırlaşır. Bu barədə «APA-Economics»ə «ABB-Moskva» bankı İdarə Heyətinin sədri Fuad Abdullayev məlumat verib.

F.Abdullayevin sözlərinə görə, istiqraz emissiyasının həcmi 3 mlrd. rubl (94,757 mln. dollar) səviyyəsində planlaşdırılır, tədavül müddəti isə üç il olacaq. İstiqrazların Rusiyanın «Uralsib» və «VTB» bankları vasitəsilə yerləşdirilməsi nəzərdə tutulub.

«Emissiyanın cari ilin sonu və ya gələn ilin əvvəlində yerləşdirilməsi planlaşdırılır. Bu, «ABB-Moskva»nın Rusiya bazarında həyata keçirdiyi ilk bond buraxılışı olacaq. Hazırda bazarın konyunkturu ilə bağlı araşdırma aparırıq», - deyə F.Abdullayev bildirib.

Bank sədrinin sözlərinə görə, «ABB-Moskva» 55 mln. ABŞ dolları həcmində cəlb etdiyi sindikatlaşdırılmış kreditin ödənilməsini başa çatdırıb. Kredit bir il müddətinə, illik 6,5% dərəcəsi ilə cəlb olunmuşdur. Bununla yanaşı, 2,6 mlrd. rubl həcmində sindikatlaşdırılmış kredit də tam ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR