Qənirə Paşayeva: “İmkansız ailələr üçün sosial mənzillər tikilməlidir”

Qənirə Paşayeva: “İmkansız ailələr üçün sosial mənzillər tikilməlidir”
# 19 noyabr 2014 15:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Hökumət 2015-ci ilin dövlət büdcəsində ipoteka kreditlərinə ayrılan vəsaitin həcmini artırmalı, şərtləri yumşaltmalı və imkansız ailələr üçün sosial mənzillərin tikintisi həyat keçirilməlidir.

APA-Economics”in məlumatına görə, Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.

“Minlərlə ailə mənzil problemindən əziyyət çəkir. İmkansız, maddi imkanları aşağı olan ailələrin mənzillə təminatı istiqamətində ipoteka ilə yanaşı, daha güzəştli şərtləri özündə ehtiva edən layihələrə ehtiyac var”, - deyə millət vəkili bildirib.

Q. Paşayeva qeyd edib ki, xüsusilə orta məktəb müəllimlərinin böyük bir hissəsi ipotekadan yararlana bilmir. Onun sözlərinə görə, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər: “Ona görə də orta məktəb müəllimlərinin ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı. Mən eyni zamanda orta məktəb müəllimlərimizin əmək haqlarının artmasının da önəmli olduğunu düşünürəm və inanıram ki, hökumət üzvləri gələn ilin dövlət büdcəsi çərçivəsində bu məsələyə də xüsusi diqqətlə yanaşacaqlar”.

Bununla belə, millət vəkili hesab edir ki, maddi imkanları aşağı olan insanlar üçün mütləq sosial evlər tikilməli və uzunmüddətli az ödəmələrlə maddi imkanları aşağı olan ailələrin ixtiyarına verilməlidir.

O, bu məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR