BANM-də “Neftçilər günü” münasibətilə görüş keçirilib - FOTO

BANM-də “Neftçilər günü” münasibətilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 21 sentyabr 2015 09:37 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində 20 sentyabr - Neftçilər Günü münasibətilə tədbir və BANM-ə 2015/2016-cı tədris ilində qəbul olmuş tələbələrlə və onların valideynləri ilə görüş keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilir ki, rektor Elmar Qasımov Azərbaycan neftçilərini, BANM-in professor-müəllim heyətini və tələbələrini bayram münasibətilə təbrik edib. Elmar Qasımov 20 sentyabrın Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edildiyini diqqətə çatdırıb. O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən artıq 21 il keçir. Bu müqavilə Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edib və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirib. Azərbaycanda neft-qaz sektorunun, energetikanın inkişafında Azərbaycan dövlətinin yürütdüyü siyasətdən söz açan Elmar Qasımov hazırda bu siyasətin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasının əsasını təşkil etdiyini deyib.

Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1992-ci ildə respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək, həmçinin böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb. Rektor Elmar Qasımov SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbinin tarixi, fəaliyyət istiqamətləri, qısa müddət ərzində keçdiyi uğurlu yola qısa ekskurs edib. Rektor prezident İlham Əliyevin BANM-in yaradılması haqda Fərmanını xatırladıb, “biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsinin artıq yerinə yetirildiyini bildirib. Azərbaycanda neft-qaz sahəsində yüksək ixtisaslı, ingilisdilli peşəkar kadrların hazırlanmasında əsas rol oynayan, ali təhsil müəssisələri içərisində öz nüfuzuna görə öndə gedən Ali Məktəbin qazandığı uğurlardan söz açan Elmar Qasımov 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə minimal balın 659 bal olduğunu xatırladıb. O deyib ki, BANM-in əsas məqsədlərindən biri dünyanın xarici şirkətlərindəki azərbaycanlıların sayının artırılmasıdır. BANM-də dərslərin Böyük Britaniyanın Herriot Vatt Universitetinin tədris proqramları əsasında keçirildiyini deyib. Elmar Qasımov neft-kimya komplekslərinin inkişafının ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirdiyini bildirib. Tələbələrin istehsalat təcrübəsinə Ali Məktəbin xüsusi önəm verdiyini deyən rektor BANM tələbələrinin SOCAR və onun strukturları, BP, Halliburton, Türkiyədə “Petkim” şirkətində və digər şirkətlərdə ödənişli əsaslarla təcrübə keçdiklərini vurğulayıb. O, tələbələrin sosial mühitə uyğunlaşması üçün BANM tərəfindən müxtəlif sosialyönümlü tədbirlərin təşkil olunduğunu xatırladıb.

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin yeni kampusunun tikintisinin davam etdiyini vurğulayaraq deyib ki, tələbələr regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunmuş kampusda oxuyacaqlar. O, 2015/2016-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən ümumilikdə 102 nəfərinin Prezident təqaüdünə layiq görüldüyünü xatırladaraq, I qrup üzrə Prezident təqaüdünə layiq görülən 25 tələbədən 17-nin BANM-in tələbələri olduğunu bildirib.

Tədbirdə Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə III kursda təhsil alan, eyni zamanda Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2014/2015-ci akademik ili üzrə ən yaxşı tələbələrdən biri seçilərək “Fəxri diplom” və pul mükafatına layiq görülmüş Sevinc Qafarlı, “SOCAR Yay Məktəbi 2015” layihəsində iştirakı çərçivəsində Rumıniyaya səfər imkanı qazanmış, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Kamran Rzayev, o cümlədən həmin ixtisas üzrə təhsil alan II kurs tələbəsi Pakizə Paşayeva, BANM-in dəstəyi ilə bir semestr Herriot Vatt Universitetində təhsil almış, “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Kamran Əliyev BANM-də tələbələr üçün yaradılan geniş imkanlardan söz açıblar. SOCAR-ın xaricdə təhsillə bağlı təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində təhsil almış və hazırda BANM-in “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi vəzifəsində çalışan Sənan Eminov öz çıxışında qazandığı nailiyyətlərdən söz acaraq, uğurlarına görə ona dəstək göstərən şəxslərə təşəkkür ediib. Sənan Eminov gənclərə dəstəyin vacibliyini önə çəkərək, bir müəllim kimi biliklərini tələbələrlə bölüşməyə həmişə hazır olduğunu bildirib.

Sonra rektor Elmar Qasımov tələbələrin valideynlərinin suallarını cavablandıraraq, onların istək və təkliflərini dinləyib, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Tədbirin sonunda 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə daxil olmuş tələbələrə noutbuklar hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR