Bank Of Baku

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
# 28 sentyabr 2026 21:12 (UTC +04:00)

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.

APA xəbər verir ki, görüş zamanı iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu ilin fevralında Bakıda keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunları üzrə əldə edilmiş razılaşmaların və imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Baş nazirin müavini prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında fəal siyasi dialoqun və dostluq münasibətlərinin iki ölkənin əlaqələrinin inkişafına mühüm təkan verdiyini bildirib.

O, Bişkekdə liderlər arasında keçirilən görüşü xüsusi qeyd edib.

Şahin Mustafayev ötən dövr ərzində görülmüş işlərə nəzər salaraq, razılaşdırılmış layihələrin həyata keçirilməsi prosesinin sürətləndirilməsi və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı nəqliyyat və tranzit sahəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, onun ötürücülük qabiliyyətinin artırılması əsas müzakirə mövzularından biri olub.

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması məmnunluqla qeyd edilib, sərhəd-keçid infrastrukturunun istifadəyə verilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Astara yük terminalında işlərin tamamlanması və terminalın yükaşırma imkanlarının genişləndirilməsi ilə bağlı görülən tədbirlər də nəzərdən keçirilib.

İki ölkə arasında prespektivli infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Dövlət Komissiyasının 17-ci iclasında əldə olunmuş razılaşmaların ardıcıl icrası və birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətlərində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR