Bakıda Dövlət İdarəçiliyi İslahatları Panelinin növbəti görüşü keçirilib

Bakıda Dövlət İdarəçiliyi İslahatları Panelinin növbəti görüşü keçirilib
# 18 aprel 2013 16:37 (UTC +04:00)

Bakı – APA. Bu gün Bakıda Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli Platforma nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Panelinin növbəti görüşü keçirilib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla yanaşı, Çexiya, Finlandiya, Polşa, Rumıniya, Litva, İsveç, Moldova, Gürcüstan, Estoniya, Ukrayna və Belarusun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan AB və “Şərq Tərəfdaşlığı” Regional Əməkdaşlıq və ATƏT üzrə idarə rəhbəri R.Tibbels görüşün Azərbaycanda keçirilməsini ölkəmizin “Şərq Tərəfdaşlığı” Proqramında fəal iştirakı ilə əlaqələndirib. O, görüşün Azərbaycanda keçirilməsində təşkilatçılıq edən tərəfdaş qurum kimi Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya xüsusi minnətdarlığını bildirib.

Görüşdə giriş sözü ilə çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov müstəqil Azərbaycanın bütün sahələrdə, o cümlədən də dövlət idarəedilməsi və dövlət qulluğu sahəsində əldə etdiyi uğurları barədə görüş iştirakçılarına məlumat verib. O, yaxşı idarəçilik, dövlət qulluğuna açıq və şəffaf qəbulun həyata keçirilməsi, e-xidmətlərin göstərilməsi, dövlət qulluqçularının təlimlərə cəlb edilməsi və dövlət idarəedilməsində tətbiq olunan digər yeniliklər və əldə olunan nailiyyətlər barədə də danışıb.

Görüş zamanı 2012-ci ilin dekabr-2013-cü ilin yanvar aylarında panel çərçivəsində görülmüş tədbirlər, həmçinin cari ilin ikinci yarımilliyində keçirilməsi nəzərdə tutulan fəaliyyətlər müzakirə edilib. SIGMA-nın nümayəndəsi Joop Vrolik “Tranzit ölkələrin təcrübələrinə əsaslanan Dövlət İdarəçiliyi İslahatları Panelinə vahid yanaşma” mövzusunda təqdimatla çıxış edib. Bundan sonra “Dövlət İdarəçiliyi İslahatları Panelinin hazırlanması və həyata keçirilməsinin vəziyyəti” mövzusunda 3 işçi plan ətrafında müzakirələr keçirilib.

Birinci işçi müzakirədə Polşa, Rumıniya, Azərbaycan və Litva nümayəndələri “Dövlət qulluğu qanunvericiliyi və dövlət qulluğuna qəbul qaydaları”, İsveç və Moldova nümayəndələri isə “Tərəfdaş ölkələrin də maraqları da daxil olmaqla, idarəetmədə daxili və xarici əlaqələrin təkmilləşdirilməsi” mövzuları ətrafında öz ölkələrinin təcrübəsini bölüşüblər.

İkinci işçi müzakirədə Finlandiya və Gürcüstan nümayəndələri “Şəffaflıq, açıq hökumət və verilənlərin qorunması”, Estoniya və Azərbaycan nümayəndələri isə “E-hökumət” mövzularında ölkələrinin nailiyyətlərindən danışıblar.

Üçüncü işçi müzakirədə isə Çex Respublikasının nümayəndəsi “Yerli və ya regional hökumət”, Ukrayna və Estoniya nümayəndələri isə “Effetiv idarəetmənin texniki dəstəyi” mövzularında çıxış ediblər.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hazırlanmış “Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”, “Dövlət qulluğu sistemində innovasiyalar və perspektivlər”, “E-idarəetmə” mövzularında təqdimatlar edilib.

İşçi görüşün sonunda mövzular ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR