Bank Of Baku

Tokayev: Süni intellektdən məsuliyyətli istifadəyə dair regional bəyannamə hazırlanmalıdır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

© APA | Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

# 08 oktyabr 2026 10:44 (UTC +04:00)

Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadəyə dair bəyannamənin hazırlanmasını təklif edir.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

“Fikrimcə, kritik əhəmiyyətli texnologiyalara nəzarəti təmin edəcək yanaşmaların birgə hazırlanmasına başlamalıyıq”, – Tokayev qeyd edib.

Qazaxıstan Prezidenti bildirib ki, qlobal qeyri-sabitlik şəraitində regionda sülh və sabitliyin qorunması əsas vəzifə olaraq qalır. Onun sözlərinə görə, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, silah və insan alveri, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq və dələduzluq təhlükəsizlik üçün ciddi təhdid yaratmaqda davam edir.

Tokayev cinayətkarların, xüsusilə narkokartellərin rəqəmsal texnologiyalardan istifadə etməsinin xüsusi narahatlıq doğurduğunu vurğulayıb. O qeyd edib ki, bu təhlükələrə qarşı mübarizə üsulları da müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Qazaxıstan Prezidenti region ölkələrini birləşdirən zəngin tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinin ümumi mənəvi borc olduğunu deyib. O, humanitar əməkdaşlığın gənclər mübadiləsi, ali məktəblər və elmi qurumlar arasında əlaqələr, yaradıcı ziyalıların dialoqu vasitəsilə genişləndirilməsini təklif edib.

Tokayev, həmçinin 2027-ci ildə “Mərkəzi Asiya – xeyirxah əməllərin ümumi məkanı” şüarı altında könüllülük məsələlərinə dair gənclər forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

O, Mərkəzi Asiya dövlətləri və Azərbaycanda keçirilən iri mədəniyyət, idman, turizm və elm tədbirlərinin ümumi təqviminin hazırlanmasını da təklif edib. Tokayevin sözlərinə görə, bu addım qarşılıqlı səfərləri stimullaşdırmağa və kombinə edilmiş tur paketləri vasitəsilə xarici turistləri regiona cəlb etməyə imkan verəcək.

Qazaxıstan Prezidenti Məşvərət görüşlərinin liderlərin birbaşa dialoqu üçün həddindən artıq rəsmiləşdirmədən uzaq platforma kimi qorunmasının vacibliyini bildirib. O əlavə edib ki, 2018-ci ildən irəli sürülmüş 200-dən çox təşəbbüsün yalnız cüzi hissəsi həyata keçirilib və regional təşəbbüslərin aktuallığı, perspektivləri və icra vəziyyəti xarici siyasət qurumları tərəfindən təhlil edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR