SOCAR: Rəsmi Afina TAP-ın Yunanıstan ərazisindən keçməsinə təsir etmir

SOCAR: Rəsmi Afina TAP-ın Yunanıstan ərazisindən keçməsinə təsir etmir
# 15 iyul 2015 15:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Yunanıstanın düşdüyü vəziyyət, o cümlədən həmin ölkənin hakimiyyəti bu ərazidən Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) keçməsi qərarına təsir etmir. Çünki layihə ilə bağlı artıq bütün müqavilələr bağlanıb və kəmərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə bağlı konkret işlər aparılır".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

"TAP-ın keçəcəyi marşrutla əlaqədar bir sıra suallar qalıb. Bunlardan biri kəmərin keçdiyi Qərbi Makedoniya ərazisində bir neçə fermerin narahatçılığı ilə bağlıdır. Bununla belə, Yunanıstanın istənilən hakimiyyəti özündən öncəki hakimiyyətin qərarını alqışlayır. Rəsmi Afina bu boru kəmərinin öz ərazisindən keçməsində maraqlıdırlar. Çünki, istənilən halda kəmərin Yunanıstan ərazisindən keçməsi minlərlə yeni iş yerinin açılması, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması deməkdir. Bununla yanaşı, TAP-ın reallaşdırılması əlavə qaz mənbələrinin olması, Yunanıstanın enerji təhlükəsizliyinin təminatı deməkdir. Bir sözlə, istənilən halda, yaranmış xırda nüanslar nəzərə alınmamaqla, TAP-ın reallaşdırılması Yunanıstan üçün strateji vacib qərardır", - deyə E. Nəsirov bildirib.

Onun sözlərinə görə, TAP-ın tikintisinə nə qədər başlanılsa, Yunanıstan iqtisadiyyatına sərmayə qoyuluşu bir o qədər tezləşəcək.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

TAP-da səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR