Berti Foqts: “Onların meydanda can yandırıb-yandırmadıqlarını yoxlayıram”

Berti Foqts: “Onların meydanda can yandırıb-yandırmadıqlarını yoxlayıram”
# 04 dekabr 2012 15:06 (UTC +04:00)

Bakı – APA. “Seleksiya toplanışında gənc futbolçuları yoxlamağı qərara aldıq. Onlar çempionatda özlərini göstərməyi bacarıblar. Həm də gələcək üçün bizə gənclər lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Dünəndən seleksiya xarakterli təlim-məşq toplanışına start verən milli məşqlərini gündə 2 dəfə olmaqla “Bayıl-Arena”da reallaşdırır. Toplanışı keçirməkdə məqsəd çempionatda seçilən futbolçuların hazırlıq durumu ilə tanış olmaq, gələcəkdə millinin oyunları zamanı onlardan yararlanmaqdır.

Hazırlıqla bağlı danışan almaniyalı mütəxəssis gənclərə xüsusi yer ayırdığını vurğulayıb: “Kimləri görmək istəyirdimsə, hamısı burdadır. Həmin gənclərin hansı formada olduğunu müəyyənləşdirmək istəyirdik”.

Təcrübəli mütəxəssis seleksiya toplanışına dəvət edilən futbolçuların çağırılma qaydasına da toxunub. O, seleksiya üzrə köməkçisi Nazim Süleymanovun daim çempionatı izlədiyini, fərqlənən futbolçuların adlarını qeyd etdiyini və bu gün də həmin futbolçulara dəvət göndərdiklərini deyib.

Hazırlıq zamanı isə baş məşqçinin əsas tələbi bunlar olub: “Onların topla davranışı, texnikası, sürəti bizim üçün çox vacibdir. Məşq prosesində verdiyim tapşırıqları necə qavradıqlarını, meydanda can yandırıb-yandırmadıqlarını yoxlayıram. Nazim Süleymanov seleksiya işləri aparıb. Onun tövsiyə etdiyi futbolçular var. Özüm də izlədiyim oyunlarda fərqlənən futbolçuların adlarını qeyd etmişdim. Sürət, taktika və topla davranışlarını yoxlayırıq”.

Foqts daha sonra başa çatmaq üzrə olan 2012-ci ili dəyərləndirib. Almaniyalı mütəxəssis təhlil aparılarkən, bəzi məqamlara xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb: “İlk növbədə ona diqqət yetirməliyik ki, komandamız 4 oyundan üçünü səfərdə keçirib. Şimali İrlandiya və Rusiya ilə oyunlardan razı qaldım. Təəssüflər olsun ki, ilk oyunumuzda İsraili məğlub edə bilmədik. Heç-heçə qeydə alındı. Bizi qarşıda ev oyunları gözləyir. Çalışacağıq ki, daha yaxşı nəticələrə imza ataq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR