Rusiya XİN: “Rəsmi Moskva Suriyada hərbi qarşıdurmanın müxalifətin qələbəsilə başa çatacağını istisna etmir”

Rusiya XİN: “Rəsmi Moskva Suriyada hərbi qarşıdurmanın müxalifətin qələbəsilə başa çatacağını istisna etmir”
# 13 dekabr 2012 13:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rəsmi Moskva Suriyada hərbi qarşıdurmanın xarici dəstək hesabına müxalifətin qələbəsi ilə başa çata biləcəyini istisna etmir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, Suriyada baş verənlər onu göstərir ki, hər şey buna doğru gedir: “Faktın gözünə dik baxmaq lazımdır. Suriya hökuməti və mövcud rejim getdikcə nəzarəti əldən verir, ərazilər itirilir. Təəssüf ki, Suriyada müxalifətin qələbəsini istisna etmək mümkün deyil. Mövcud rejimə qarşı çıxanlara xaricdən silah daşınması və Suriyanın dostları qrupu tərəfindən Milli Koalisiyanın qanuni hakimiyyət kimi tanınması onların qələbəyə olan inamını daha da artırır. Müxalifət ölkə ərazisinin 60 faizinə nəzarət etdiyini iddia edir. Onlar yaxın vaxtlarda Hələb və Dəməşq şəhərlərini də tutacaqlarını deyirlər”.

Nazir müavini Suriyada olan Rusiya vətəndaşlarının təxliyə edilməsi ilə bağlı plan hazırladıqlarını da söyləyib: “Biz bu gün vətəndaşlarımızın təxliyə edilməsi ilə məşğuluq. Bizim səfər planlarımız var. Hal-hazırda vətəndaşlarımızın olduqları yerləri müəyyənləşdiririk. Konsulluğumuzun məlumatına görə, belə yerlər minlərlədir. Bunlar əsasən, rus qadınları və ərəblərlə birgə nikahdan olan uşaqlardır. Onların yarısı müxalifəti dəstəkləyir. Həmin vətəndaşların çoxu qeydiyyata düşməyib. Hətta Moskvaya gələn Suriya müxalifət heyətində Rusiya pasportu daşıyan insanlar da vardı”.

Qeyd edək ki, Dəməşqdəki Rusiya konsulluğunun məlumatına görə, Suriyada 5 min 300 Rusiya vətəndaşı yaşayır. Qeyri-rəsmi məlumatlara görə, Suriyadakı Rusiya vətəndaşlarının sayı 25 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR