Ərdoğan: “ECO olaraq ortaya qoyacağımız ortaq siyasətlər fəaliyyətimizi gücləndirəcək”

Ərdoğan: “ECO olaraq ortaya qoyacağımız ortaq siyasətlər fəaliyyətimizi gücləndirəcək”
# 16 oktyabr 2012 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “İqtisadi Əməkdaşlıq Təşkilatı Şərqlə Qərb arasında strateji regionda yerləşir və bölgə üçün önəmli iş potensialı verən önəmli təşkilat halına gəlib”. APA-nın məlumatına görə, bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısında çıxışı zamanı Türkiyənin baş naziri Rəcər Tayyip Ərdoğan bildirib.

Son 20 ildə İƏT coğrafiyasında çox böyük siyasi və iqtisadi dəyişikliklərin baş verdiyini deyən Ərdoğan bu təşkilatın böyük önəm daşıdığını vurğulayıb: “Bu gün beynəlxalq sistemin günün şərtlərinə görə yenidən qurulması lazımdır. Beynəlxalq sferada daha təsirli mexanizmi olmayan beynəlxalq təşkilatların yeri getdikcə çətinləşir. Beynəlxalq böhran birgə fəaliyyət göstərmənin önəmini bir daha ortaya qoydu. ECO olaraq ortaya qoyacağımız ortaq siyasətlər fəaliyyətimizi gücləndirəcək. Biz bölgədə hər sahədə əməkdaşlığın, təhlükəsizliyin gücləndirilməsini istəyirik. Enerji, kənd təsərrüfatı, nəqliyyat və s. kimi müxtəlif sahələrdə regional inkişaf layihələrini həyata keçirməyə çalışırıq”.

İƏT ölkələrinin iqtisadi göstəricilərinin, ticarət həcminin mövcud potensialı əks etdirmədiyini deyən Ərdoğan deyib ki, ticarət qaydalarının sadələşdirilməsi vacibdir: “Bölgədə ticarətin sadələşdirilməsi ilə bağlı 2003-cü ildə verilmiş 8 illik zaman yetərincə dəyərləndirilməyib”.

İƏT Ticarət və İnkişaf Bankının təşkilatın layihələrinə önəmli kömək göstərəcəyini deyən Türkiyənin baş naziri bütün üzv ölkələri bu banka ortaq olmağa çağırıb.

Ərdoğan investisiyaların qorunması və təşviqi sazişinin tətbiqinə ehtiyac olduğunu deyib: «Bu anlaşma İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə öz töhvəsini verəcək. Nəqliyyat sahəsində potensialın dəyərləndirilməsi üçün tarixi İpək Yolunun canlandırılmasına ehtiyac var. Bu sahədə ECO üzərinə böyük yük düşür. Biz bunu tarixi missiya olaraq görürük».

Baş nazir Türkdilli Ölkələr Şurası və Şimali Kipr Türk Cümhuriyyətinin ECO-ya müşahidəçi qismində qəbul edildiyini deyib. O, Pakistanda 11 yaşlı qıza qarşı törədilmiş terrorun bağışlanmaz olduğunu deyib və bu hərəkəti pisləyib. Eyni hadisənin ötən gün Türkiyədə də yaşandığını vurğulayan Ərdoğan BMT çərçivəsində, xüsusi təşkilat formalaşdıraraq bu cür məsələlərin üzərinə getməyi təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR