Azərbaycanda Kolumbiyanın səfirliyi açılacaq

Azərbaycanda Kolumbiyanın səfirliyi açılacaq
# 29 sentyabr 2012 09:33 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Kolumbiyanın xarici işlər naziri xanım Maria Angela Holguin Kuelyar ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər ikitərəfli münasibətlərin səviyyəsini məmnunluqla qeyd ediblər. E. Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətlərini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıraraq ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Kolumbiyalı nazir ölkəsinin Azərbaycanla münasibətləri dərinləşdirmək niyyətində olduğunu bildirərək 2013-cü ilin əvvəlində Azərbaycana səfər edəcəyini açıqlayıb. O, yaxın vaxtlarda Kolumbiyanın Azərbaycanda səfirlik açmaq niyyətində olduğunu bəyan edib.

Görüş zamanı Azərbaycan Respublikası hökuməti və Kolumbiya Respublikası hökuməti arasında texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR