"Azərbaycanda leykemiya problemi" mövzusunda konfrans keçirilib

"Azərbaycanda leykemiya problemi" mövzusunda konfrans keçirilib
# 28 fevral 2014 09:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında "İrəli" İctimai Birliyinin həyata keçirdiyi "Leykemiya ayı" layihəsinin açılış mərasimi və həmçinin Tibb Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycanda leykemiya problemi" mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, Hematoloji Uzmanlık Dərnyi Başkanı professor Süleyman Dinçer, millət vəkilləri Jalə Əliyeva, Hadi Rəcəbli, Musa Quliyev, Səhiyyə Nazirliyinin nümayəndələri, Tibb Universitetinin professorları və kafedra

müdirləri iştirak ediblər.

Konfransda çıxış edən Ə. Əmiraslanov bildirib ki, bu xəstəlik təkcə Azərbaycanda deyil dünya səhiyyəsini də narahat edən aktual xəstəliklərdən biridir: "Leykemiyalı xəstələrin hüquqi və sosial durumlarının yaxşılaşdırılmasına çalışmaq lazımdır. Bunun üçün Milli Məclisdə yeni qanun qəbul etməyə ehtiyac yoxdur, çünki onkoloji xəstəliklərlə bağlı qanun var. Sadəcə, bu qanuna əlavə və dəyişikliklər etmək lazımdır. Eyni zamanda bu sahə ilə bağlı kadr çatışmazlığı da vardır ki, indi bu çatışmazlıq aradan götürülür. Sümük iliyi transplantasiyasının da ölkəmizdə keçirilməlisi artıq zəruri haldır".

Daha sonra "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev "Leykemiya ayı" layihəsi haqda məlumat verərək bildirib ki, layihə 20 fevral-20 mart tarixləri arasında keçiriləcək: "Bu layihəni keçirməkdə məqsədimiz Azərbaycanda leykemiyalı xəstələrin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların cəmiyyətin ayrılmaz hissələri olduqları barədə ictimai maarifləndirməni təşkil etməkdən ibarətdir".

Çıxışlar bitdikdən sonra konfransda iştirak edən mütəxəssislərin leykemiya xəstəliyi ilə bağlı məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR