Bakıda dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün bina istifadəyə verilib

Bakıda dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün bina istifadəyə verilib
# 20 noyabr 2015 12:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi (Abşeron rayonu, Masazır kəndi, "Duz zavodu" yolu, 2-ci massiv, ev 1.) dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin məzunlardan artıq 90 nəfəri "Məzun evi"nə köçürülərək, burada normal yaşayış üçün lazımi məişət avadanlıqları və inventarlarla, kommunal xidmətlərlə təmin olunublar. Yaxın bir neçə gündə daha 30 nəfər məzunun da burada yerləşdirilməsi həyata keçiriləcək.

"Məzun evi"nin istifadəyə verilməsi tədbirində Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev vurğulayıb ki, bu gün respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır.

Dövlət büdcəsindən vəsait ayrılmaqla, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olunub. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi də nəzərdə tutulub.

Qeyd olunub ki, yeni inşa olunmuş yaşayış binası ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə ƏƏSMN-ə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla "Məzun evi"nə yerləşdirilirlər. Bununla əlaqədar onların hər biri ilə Dövlət Sosial Təminat Xidməti arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.

"Məzun evi"ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunacaq. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər.

Tədbir iştirakçıları dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilən mənzillərə baxış keçiriblər. Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb. Bildirilib ki, müəssisədə 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var ki, onlarda məzunların özləri işləyəcək, bununla da ümumilikdə 35 məzun işlə təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR