“Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib
# 08 noyabr 2016 15:26 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak ediblər.

Yarışın açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Heydər Əliyev irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandası iştirak edir.

Bu yarısın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edən Anar Ələkbərov Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu qeyd edib.

Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi indiyədək çoxsaylı tədbirlər keçirməklə Heydər Əliyev irsinin öyrənilməsinə öz töhfəsini verib.

Heydər Əliyev Mərkəzinin direktoru bilik yarışının Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini söyləyib, Azərbaycan xalqını və komandaların üzvlərini bayram münasibətilə təbrik edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun mühüm rolunu qeyd edib. Bildirilib ki, məhz Fondun fəaliyyətinin nəticəsi olaraq iki il əvvəl pilot kimi bir neçə məktəbdə icrasına başlanılan məktəbəqədər təhsil layihəsi artıq bütün dövlət ümumtəhsil müəssisələrində həyata keçirilir.

Artıq üçüncü ildir ki, Heydər Əliyev Mərkəzi ilə birgə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışını həyata keçirdiklərini deyən nazir Azərbaycan tarixində Heydər Əliyevin xüsusi rolunun olduğunu qeyd edib.

Nazir bildirib ki, belə yarışlar tələbələrin zəruri keyfiyyətlərini üzə çıxarır və gənclərin öz karyeralarında uğur qazanmalarına kömək edir.

Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı başlayıb.

Yarış üç turda keçirilib və hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixinə dair 12 sual səsləndirilib.

“Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandaları iştirak edib. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olub.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun nümayəndələri təmsil olunub.

Qalib komandalar üç tur üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Birinci yerə Azərbaycan Dövlət İqtisad Universiteti, ikinci yerə Dövlət Sərhəd Xidməti Akademiyası, üçüncü yerə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası layiq görülüb. Qalib komandalar mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR