AMEA Dilçilik İnstitutu: Dərmanların izahedici vərəqlərində çatışmazlıqlar, ədəbi normadan yayınmalar var

AMEA Dilçilik İnstitutu: Dərmanların izahedici vərəqlərində çatışmazlıqlar, ədəbi normadan yayınmalar var
# 15 oktyabr 2014 13:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycana idxal edilən dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqinin ilkin mərhələsini sona çatdırıb.

Bu barədə APA-ya İnstitutun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumata görə, “Azərbaycan dilinin Qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılan monitorinqdə yüzdən artıq dərman və dərman preparatının izahedici vərəqləri nəzərdən keçirilib. Monitorinqin nəticələrinə dair hesabatda bildirilir ki, respublika Səhiyyə Nazirliyinin “Farmokoloji və Farmokopeya” Şurası dərman içliklərinin ana dilimizə tərcümə edir: “Özlüyündə bu müsbət hadisələr də istifadəçilərin maraqlarına uyğundur. Ancaq bununla belə aparılmış monitorinqlər nəticəsində həmin sənədlərin dilində bir çox çatışmazlıqlar, o cümlədən ədəbi normadan yayınmalar üzə çıxarılıb”.

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli bildirib ki, dərmanların istifadəçi üçün nəzərdə tutulan izahedici vərəqlərin vahid strukturu yoxdur və burada sistemsizlik özünü göstərir: “Bir çox mətnlərin dili anlaşıqlı deyil, əksər dərman və dərman preparatlarının istifadə qaydaları izah edilərkən terminlərdən hədsiz istifadə olunduğundan mətnlər anlaşılmaz hala düşür. Digər tərəfdən, tərcümənin keyfiyyətsizliyi səbəbindən də çoxlu sayda leksik, qrammatik və üslubi nöqsanlar meydana çıxır”.

Qeyd olunub ki, monitorinqin nəticələrinin müzakirəsində çıxış edən institutun direktoru, akademik Tofiq Hacıyev bu istiqamətdə monitorinqlərin davam etdirilməsinin zəruriliyini bildirib. O, eyni zamanda qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq, Dilçilik İnstitutunun əməkdaşları hazırda teleradio verilişlərinin, həmçinin Bakı şəhərinin bir neçə rayonunda küçə adları, afişa və küçə reklamlarının dili ilə bağlı monitorinqlərə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR