Bank Of Baku

Rumıniyalı polkovnik: “Azərbaycana regionun və qitənin təhlükəsizliyi baxımından mühüm rola malik Avropa ölkəsi kimi baxırıq”

Rumıniyalı polkovnik: “Azərbaycana regionun və qitənin təhlükəsizliyi baxımından mühüm rola malik Avropa ölkəsi kimi baxırıq”
# 18 dekabr 2006 08:48 (UTC +04:00)
Bu fikirləri Rumıniya Müdafiə Nazirliyi yanında “I Karol” Milli Müdafiə Universitetinin Müdafiə və Təhlükəsizlik üzrə Strateji Araşdırmalar Mərkəzinin direktoru, polkovnik Konstantin Moştofley APA-nın Şərqi Avropa bürosuna müsahibəsində bildirib. K. Moştofley deyib ki, postsovet məkanındakı münaqişələr həll olunarkən beynəlxalq hüquq prinsipləri, xüsusilə sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşılmalıdır: “Dondurulmuş münaqişələr NATO, Avropa İttifaqı, eyni zamanda Rusiya üçün vacib məsələdir. Moskvanın bu münaqişələrin davam etməsində maraqlı olduğuna inanmırıq. Ona görə də münaqişələrin həlli beynəlxalq ictimaiyyət üçün prioritet təşkil etməlidir, çünki bundan həm Avropanın təhlükəsizliyi, həm də dünyanın gələcəyi üçün təməl problem olan Avrasiya konfiqurasiyası asılıdır”. Ekspert bildirib ki, NATO-nun üzvü kimi Rumıniya Azərbaycanın Avropa və avroatlantik məkana meylini dəstəkləyir və alyansa üzvlük ərəfəsindəki təcrübəsini Bakı ilə bölüşməyə hazırdır. Onun sözlərinə görə, Buxarest Azərbaycan cəmiyyəti və ordusunda NATO üzvlüyünə hazırlıq zamanı ortaya çıxacaq çətinliklərin aradan qaldırılması üçün məsləhətlər verə bilər: “Hər şey Azərbaycan rəhbərliyinin konkret hansı sahələrdə dəstək və köməyə ehtiyacı olduğunu söyləməsindən asılıdır. Rumıniya Azərbaycana regionun, eləcə də qitənin təhlükəsizliyi baxımından olduqca mühüm rola malik olan Avropa ölkəsi kimi baxır”. K. Moştofley Rumıniyanın Avropanın “qəlbinə” doğru uzanan ən vacib yollardan biri olan Konstansa-Triyest neft kəmərinin üzərində yerləşən 5 ölkədən biri olduğunu xatırladaraq Xəzər regionunda əsas oyunçuların Amerika və Avropanın böyük şirkətləri olduğunu söyləyib: “Bu beş ölkənin hamısı həm beynəlxalq dəstək, həm də maliyyə qaynaqları tapa bilib”. Bununla bərabər, mərkəz direktoru bu fikirdədir ki, Azərbaycan Rumıniya üçün enerji üzrə tərəfdaşdan daha artıq önəmə malikdir. Onun sözlərinə görə, əlaqələrin daha məhsuldar olması üçün Rumıniya iqtisadi münasibətlərin bərabərlik və qarşılıqlı mənfəət prinsipləri əsasında sistematik, davamlı şəkildə genişləndirilməsi, ticarət dövriyyəsinin, iqtisadi və elmi-texniki əməkdaşlığın artırılması üçün əlverişli şəraitin yaradılması, bu kimi birgə işlər üçün hüquqi bazanın yaradılması yolunda konkret tədbirlərin görülməsində maraqlıdır. Konstantin Moştofley deyib ki, Rumıniyanın Qara dəniz regionu ilə bağlı əsas məqsədlərindən biri bu bölgənin Avropa və avroatlantik məkana qoşulmasına dəstək verilməsi, eləcə də sahil dövlətləri arasında effektiv əməkdaşlığın stimullaşdırılmasından ibarətdir: “Rumıniya Cənubi Qafqaz ölkələrini, xüsusilə Azərbaycanı onun təşəbbüslərinə, ilk növbədə böhran vəziyyətlərinin idarə olunması üçün qurumlararası və subregional layihədən doğan təşəbbüslərinə, həmçinin mədəniyyətlər və sivilizasiyalararası dialoqa, Avropa və dünya səviyyəsində rəqabət gücünə malik layihələrə qoşulmağa dəvət edir”.
Qeyd edək ki, 1889-cu ildə yaradılmış “I Karol” Milli Müdafiə Universiteti Avropanın altıncı Baş Qərargah məktəbidir. Onun Müdafiə və Təhlükəsizlik üzrə Strateji Araşdırmalar Mərkəzi Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargahı üçün strateji araşdırmalar aparmaq üçün 2000-ci ildə təsis olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR