Sənaye və Energetika Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadakı vakant yerlərə sənəd qəbuluna başlanacaq
19 dekabr 2006 12:17 (UTC +04:00)
Gələn ilin yanvarından Sənaye və Energetika Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadakı vakant yerlərə sənəd qəbuluna başlanacaq. Bu barədə APA-ya Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəhbəri Bəhram Xəlilov məlumat verib. B. Xəlilov bildirib ki, hazırda dövlət orqanlarında vakant yerlərin sayı dəqiq müəyyənləşdirilməsə də, onlar kifayət qədərdir. Onun sözlərinə görə, “Dövlət qulluğu haqqında” qanuna müvafiq olaraq 6-9-cu təsnifat üzrə bütün dövlət qulluqçuları üçün dövlət qulluğuna qəbul müsabiqə yolu ilə həyata keçirilməlidir. B. Xəlilov müsabiqənin iki mərhələdən - test imtahanı və müsahibədən ibarət olduğunu deyib: “Şəffaflıq prinsipini təmin etmək üçün ilk növbədə vakant vəzifələr barədə elanlar verilməlidir. Vətəndaşlar hansı dövlət orqanlarında vakant yerlərin olduğunu, bu yerlərə hansı tələblərin nəzərdə tutulduğunu, vəzifələrin qulluq şərtlərini bilməlidirlər. Bundan sonra vətəndaşlar sənədlərini bizim komissiyaya təqdim etməlidirlər. Komissiya tərəfindən sənədlər yoxlanıldıqdan sonra vətəndaşlar test imtahanına buraxılacaqlar”. Müsahibə mərhələsinə daha çox önəm verən komissiya rəhbərinin fikrincə, test imtahanı ilə şəxsin minimum bilik səviyyəsini müəyyənləşdirmək mümkündür: “Dövlət qulluqçusu üçün şəxsi keyfiyyətlər tələb olunur. Bunu da müsahibə zamanı müəyyən etmək olar”. Komissiya rəhbəri müsahibə mərhələsində müəyyən subyektivliklərə yol verilməsi hallarını istisna etməyib: “Hər bir dövlət orqanının rəhbəri tabeliyində daha savadlı, peşəkar kadrların işləməsini istəyir. Bizim komissiya tərəfindən müsahibənin aparılması qaydaları, meyarları hazırlanıb. Müsahibə komissiyasının hər üzvü bu meyarlar əsasında qiymətləndirmə aparmalıdır. Subyektivlik, qeyri-obyektivlik olarsa, bunun qarşısı komissiya tərəfindən alınacaq”. Bütün dövlət orqanlarında dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsinə hələlik tam nail olunmadığını deyən B. Xəlilov yaxın gələcəkdə bu problemin tam aradan qaldırılacağını vurğulayıb. /APA/
Hadisə
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
03:29
2 may 2024
Babəkdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
02:20
2 may 2024
Bakıda idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb, xəsarət alanlar var - FOTO
00:53
2 may 2024
Naxçıvan Dövlət Universitetinin fəlsəfə doktoru vəfat edib
23:35
1 may 2024