Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyası “2006-cı ilin yekunları: problemlər, perspektivlər” mövzusunda mətbuat konfransı keçirib
23 yanvar 2007 11:56 (UTC +04:00)
Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyası (PƏMQOU AK) “2006-cı ilin yekunları: problemlər, perspektivlər” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, PƏMQOU AK-nın direktoru Hafiz Səfixanov bildirib ki, 2006-cı il ərzində qurum mina və partlamamış hərbi sursatların yaratdığı problemlər üzrə fəaliyyətini davam etdirib. Bir il müddətinə mina təhlükəsinin izahı proqramları çərçivəsində uşaqlar üçün 7 rayon ərazisində 10 Təhlükəsiz Oyun Meydançası yaradılıb və daha 10 meydançanın təşkil edilməsi nəzərdə tutulub. H. Səfixanov bu layihələrin həyata keçirilməsində Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xüsusi rolunun olduğunu da vurğulayıb. Bu il də Azərbaycanın Ottava Konvensiyasına qoşulmasına icazə verilmədiyini deyən H. Səfixanov bunun səbəbi kimi ölkəmizin Ermənistanla münaqişə vəziyyətində olduğunu söyləyib: “Buna baxmayaraq, Azərbaycan konvensiyadan irəli gələn bütün müddəalara əməl edir. Amma 2006-cı ildə Azərbaycan bu konvensiyanın bəzi bəndlərini pozub. Belə ki, Azərbaycan Rusiyaya Gürcüstandakı hərbi kontingentinə məxsus silah-sursatını ölkəsinin ərazisindən keçirməyə icazə verib. Bizdə olan qeyri-rəsmi məlumatlara görə, daşınan sursatların içərisində çoxlu miqdarda minalar olub. Bununla bağlı qurumun əməkdaşları Gürcüstanda olacaq və Azərbaycanın buradakı səfirliyinin hərbi attaşesi Elbrus Orucovla görüşəcəklər”. H. Səfixanov Azərbaycanın sovet dövründən qalan minalarla bağlı problemlə qarşılaşdığını da diqqətə çatdırıb: “SSRİ qoşunları Azərbaycanı tərk edən zaman ölkənin müvafiq orqanlarına minaların saxlanma yeri haqda məlumat verilməyib və hərbi birləşmələri təhvil alan qurumlara minaların basdırıldığı xəritə təqdim edilməyib. Nəticədə hər il bir neçə Azərbaycan vətəndaşı minaya düşərək ya ölür, ya da xəsarət alır”. O, Azərbaycanın artıq neçə ildir minalarla bağlı BMT-yə hesabat vermədiyini də söyləyib. /APA/
Hadisə
Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib
11:42
6 may 2024
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
11:34
6 may 2024
DİN: Ötən ay 6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb
11:29
6 may 2024
Şəmkirdə toyda qətl törətməyə cəhdə görə tutulan yeniyetmənin məhkəməsi başlayır
11:26
6 may 2024