Bank Of Baku

İyul ayında Azərbaycanda 33 sərhəd pozucusu saxlanılıb

İyul ayında Azərbaycanda 33 sərhəd pozucusu saxlanılıb
# 08 avqust 2007 09:57 (UTC +04:00)
Bu ilin iyul ayında Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 21 halda 33 nəfər sərhəd pozucusu saxlanılıb. Tutulan sərhəd pozucularından 9-u Azərbaycan, 9-u Əfqanıstan, 1-i Gürcüstan, 4-ü İran, 1-i İraq, 1-i Rusiya, 1-i Belarus, 1-i isə Nigeriya vətəndaşıdır. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tutulanlardan 24-ü dövlət sərhədini sərhəd zastavalarının xidmətini sahəsində pozarkən, 6-sı saxta sənədlə, 3-ü isə başqasına məxsus sənədlə dövlət sərhədinin buraxılış məntəqələrindən keçərkən və ya keçməyə cəhd göstərərkən saxlanılıb. Ay ərzində 25 Azərbaycan vətəndaşı sərhəd rejimi qaydalarını pozduğu üçün sərhəd zastavalarının xidməti sahəsində, 47 nəfər müxtəlif ölkələrin vətəndaşı müvafiq sənədləri olmadığı üçün sərhəd nəzarət məntəqələrində, Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin 101 vətəndaşı vizaları olmadığına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Rusiyaya məxsus 7 gəmiyə, Azərbaycana məxsus 14 gəmiyə baxış keçirilib. Bakı-Lənkəran marşrutu ilə üzən Bakı limanına bağlı “PTS Dalğa” adlı balıqçı gəmisi sərhəd rejimi qaydalarına riayət etmədiyi üçün saxlanılaraq baxış keçirilib, gəmidə qeydiyyatsız 600 kq dizel yağı və 3 ton 650 kq dizel yanacağı aşkar olunaraq araşdırma aparılması üçün saxlanılıb. Dənizdən sahibsiz 1525 ədəd qarmaqlı balıqovlama vasitəsi aşkar olunaraq götürülüb. Ay ərzində axtarışda olan 51 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ötən ayın 7-də DSX Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar saxlanılarkən silahlı müqavimət göstəriblər. DSX əməkdaşlarının çevik hərəkəti nəticəsində qaçaqmalçılar narkotik vasitələri ataraq hadisə yerindən qaçıblar. Əraziyə baxış zamanı qaçaqmalçılara məxsus 37,10 kq həşiş, 63,8 qram heroin, 23 ədəd 7,62 mm-lik patronla dolu bir ədəd avtomat silahın darağı aşkarlanaraq götürülüb.
İyulun 13-də həmin istiqamətdə keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər yenə də silahlı müqavimət göstəriblər. 6 nəfər qaçaqmalçının 4 nəfəri qaçmağa nail olsa da, 2 İran vətəndaşı - Əsgər Abdulla oğlu Dünyavi və Şapur Daryuş oğlu Cavadi 2 ədəd avtomat silah, 128 ədəd patron, ABŞ istehsalı olan gecəgörmə cihazı, mobil telefon və radiostansiya ilə yaxalanıblar. Əraziyə baxış zamanı qaçaqmalçılara məxsus 33 kiloqram həşiş və 2 kiloqram heroin aşkar edilərək götürülüb. Ümumiyyətlə, iyul ayı ərzində DSX tərəfindən ümumi çəkisi 87 kq 270,2 qram narkotik vasitə (79 kq 739,4 qram həşış, 7 kq 518,8 qram heroin, 7 qram kokain və 5 qram tiryək) aşkarlanıb. Bundan əlavə, 3 halda 3 hektar sahədən ümumi çəkisi 11 ton 390 kq olan 55 min 364 ədəd yabanı halda bitmiş çətənə kolu yerli İcra Hakimiyyəti nümayəndələrinin, hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirilmiş birgə tədbirlər nəticəsində aşkarlanaraq məhv edilib. Ötən ayın 10-da DSX-nin Xaçmaz rayonunun Tikanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dənizlə Rusiyadan Azərbaycana qaçaq yolla gətirilmiş aksiz markası olmayan külli miqdarda siqaret məhsulu saxlanıb. Əməliyyat zamanı qaçaqmalı gətirən Azərbaycan vətəndaşları sərhədçilərin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstəriblər. Ancaq DSX əməkdaşlarının çevik hərəkətləri nəticəsində qaçaqmalçılar hərəkət etdikləri maşınlarla saxlanılıb. Nəqliyyat vasitələrinə və yaşayış yerlərinə baxış zamanı 61 min qutu ümumi dəyəri 74500 manat olan “Kent”, “Camel”, “Parlament”, “Davidoff”, “Marlboro”, “Zolotaya Yava” siqaretləri aşkarlanaraq götürülüb. Ay ərzində 43 halda ümumi dəyəri təxminən 560 min 668 manat olan qaçaqmalın sərhəddən keçirilməsinin qarşısı alınıb. 2 ədəd avtomat silahı və 5 ədəd daraq, 7,62 mm-lik 151 ədəd patron, 2 ədəd gecəgörmə cihazı, 1 ədəd radiostansiya, 377 qr qızıl-zinət əşyası, 120 kq ağ balıq, 70370 qutu siqaret, 741 qutu dərman preparatı, 909 ədəd müxtəlif markalı spirtli içki, çoxsaylı avtomobil hissəsi, ərzaq və sənaye malları götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR