Bank Of Baku

Xəzər üzərində qəzaya uğramış vertolyotun Moskvaya göndərilən qara qutusunun təhlilinin nəticələri 1 aydan sonra açıqlanacaq

Xəzər üzərində qəzaya uğramış vertolyotun Moskvaya göndərilən qara qutusunun təhlilinin nəticələri 1 aydan sonra açıqlanacaq
# 24 oktyabr 2007 10:51 (UTC +04:00)
Bunu APA-ya “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktor müavini Rauf Cəfərzadə bildirib. R. Cəfərzadənin sözlərinə görə, vertolyotun səs yazan qara qutusuna MDB Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri tərəfindən, texniki parametrləri yazan qara qutusuna isə Bakıda baxılır. Artıq vertolyotun bütün hissələri suyun dibindən çıxarılıb, qəzaya uğramış 6 nəfərdən 2 nəfərinin - Qəhrəman Əsədov və Zahid Şaşkayevin cəsədinin axtarışı isə davam etdirilir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin “AzAL Heliokopters” müəssisəsinə məxsus Mi-8 vertolyotu oktyabrın 12-də qəzaya uğrayıb. Vertolyot ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin “Qərbi Abşeron” dəniz neft-qaz yatağındakı “Xəzər-4” qazma qurğusunda çalışan “Bayıl limanı” Kəşfiyyat Dəniz Qazma İdarəsinin əməkdaşı Qəhrəman Əsədovu səhhətində yaranmış problemlə əlaqədar və onu müşayiət edən iş yoldaşı Zahid Şaşkayevi götürərək, havaya qalxdıqdan az sonra dənizə düşüb. Hadisə zamanı vertolyotda 4 ekipaj üzvü və ARDNŞ-in adları çəkilən 2 əməkdaşı olub. Xəzər Dəniz Neft Donanmasının dalğıcları və kran gəmiləri vasitəsi ilə dənizdən 4 cəsəd və vertolyotun əsas hissələri çıxarılıb. Sudan çıxarılmış cəsədlər vertolyotun kapitanı Vladimir Nekrasov, 2-ci pilot Əhməd Əliyev, təlimatçı-kapitanı Viktor Qrinenko və onun köməkçisi, vertolyotun mexaniki Cahid İbrahimovdur.
Hadisə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR