Bank Of Baku

İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşının üçüncü ölkənin xeyrinə casusluq etdiyi bildirilir

İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşının üçüncü ölkənin xeyrinə casusluq etdiyi bildirilir
# 26 oktyabr 2007 14:41 (UTC +04:00)
Etibarlı mənbədən APA-ya verilən məlumata görə, Lerik rayonunun Monidigah kənd sakini, 34 yaşlı Mədət Atakişi oğlu Abdullayev hazırda Təbriz şəhər Həbsxanasında saxlanılır. M. Abdullayev 1993-98-ci illərdə İranın Qum şəhərinin Əl-Mehdi Ali Ruhani məktəbində təhsil alıb. Azərbaycandan olan tələbələr arasında fərqləndiyinə görə, 1997-ci ildə ona azərbaycanlı azyaşlı şagirdlərə dini dərs keçmək hüququ verilib. 1998-ci ildə isə dərs keçdiyi azərbaycanlı şagirdlərdən birinə qarşı cinsi təcavüzdə (uşaqbazlıqda) ittiham olunub. Hadisə yerindən qaçan M. Abdullayev həmin il İran-Azərbaycan sərhədində qonşu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq, Quma qaytarılıb. Etdiyi hərəkətə görə məktəbdən qovulan M. Abdullayev həm də İran ərazisindən çıxarılıb, onun İran ərazisinə qayıtması yasaq edilib. Azərbaycana dönən M. Abdullayev bir müddət Lerikdə molla kimi fəaliyyət göstərib. Azərbaycan İslam Partiyasının keçmiş sədri Hacı Əlikram Əliyev APA-ya açıqlamasında M. Abdullayevin 2002-ci ildə Nardaran hadisələri zamanı tutulan kənd əhalisinin işi ilə bağlı keçirilən məhkəmə iclasında şahid qismində ifadə verdiyini deyib: “Məhkəmədən əvvəl izahatında nə yazdığını bilmirəm, amma onu deyə bilərəm ki, həmin şəxsin xüsusi xidmət orqanlarına işlədiyini güman edirəm”. İrandakı mənbələrdən APA-ya məlum olub ki, həmin şəxs ötən il İrana gəlib, 2007-ci ilin əvvəlində üçüncü ölkənin xeyrinə casusluq etməkdə günahlandırılaraq, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. M. Abdullayevin atası, 80 yaşlı Atakişi Atakişiyev isə APA-nın cənub bürosuna deyib ki, oğlunun taleyi haqda heç bir məlumatı yoxdur. A. Abdullayevin sözlərinə görə, 2 qız və 1 oğul atası olan Mədət Abdullayev bir il öncə İrana gedib, bir daha geri qayıtmayıb. M. Abdullayevin atası oğlu barədə indiyədək heç bir təşkilata müraciət etmədiyini, ondan bu mövzuda soruşacaqları təqdirdə heç kimə heç nə deməyəcəyini bəyan edib. Monidigah kənd ərazi icra nümayəndəsi Firuzə Hüseynova isə bildirib ki, M. Abdullayev qonşu ölkəyə qeyri-qanuni yollarla keçdiyindən, onun İran sərhədçiləri tərəfindən saxlanılaraq həbs olunduğu güman olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR