Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-13 - VİDEO

Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-13  - VİDEO
# 15 yanvar 2024 21:37 (UTC +04:00)

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.

FHN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.

APA xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

***

17.19

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Baş Prokurorluğun Mətbuat xidmətində APA-nın sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

***

17.00

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, indiyədək dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.

Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Baş Prokurorluğun əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunublar. Aparılan ilkin təxirəsalınmaz tədbirlər nəticəsində yanğının məhdudlaşdırılması mümkün olub. İlkin məlumata əsasən, baş vermiş partlayış nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin aparılmış axtarış-xilasetmə işləri nəticəsində 5 nəfərin meyiti hadisə yerində aşkar olunub.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3 və 314.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Qeyd olunub ki, Baş Prokurorluğun, həmçinin Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb. İbtidai istintaqın aparılması Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinə həvalə edilib. Hadisənin baş vermə səbəbləri, dəymiş ziyanın miqdarı, həmçinin diigər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə müvafiq ekspedisiyalar təyin olunub. Hazırda cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Hazırda həyatını itirən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.

***

15.32

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

14.45

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14.38

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Son məlumata görə, 24 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.
Əlavə məlumat veriləcək.

***

14.25

Bakı şəhəri Binəqədi rayonunda sexdə baş vermiş partlayış-yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun 3 baş iti cəlb edilib.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, dağıntılar altında qalanların olması ehtimal olunur.

***

13.48

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

13.44

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə FHN Mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

13.32

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonunda sexdə partlayış-yanğın baş verən əraziyə gəlib.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

***

13.04

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, xeyli sayda xəsarət alan olduğu bildirilir.

***

13.00

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12.51

Bakıda sexdə partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Asif Məmmədli, Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov hadisə yerinə gəlib.

***

12.33

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

***

12.09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Səlcuq Elçin

Aləmdə Nəsib

Ləman Salehova

Çingiz Səfərli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR