“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev dövlət ittihamçısının suallarını cavablayıb.
Təqsirləndirilən bildirib ki, 2016-cı ildən Bulvar İdarəsinin rəisi vəzifəsində çalışıb. O, iş üzrə təqsirləndirilən Fuad Babayevi tanımadığını deyib: “O, bizim İdarədə kommunal idarənin əməkdaşı olub. İdarədə 980 əməkdaş var. Mən hamısını tanıya bilmərəm.
Rəşad Bədəlov isə əvvəl İdarədə kommunal idarənin əməkdaşı olub, sonra bir neçə vəzifədə çalışıb. Həmçinin mənim köməkçim də olub. Sonra reklam şöbəsinin müdiri olub”.
Dövlət ittihamçısının “Bulvar İdarəsində gəmi ilə gəzinti, avtodayancaqlar, kimin tabeliyində idi” sualına İlqar Mustafatev cavab olaraq bildirib ki, 2022-ci ilədək gəmi ilə nəzarət Bulvar İdarəsinə aid olub. Sonra isə “Sahil Xidməti” MMC-yə verilib. Həmçinin bu MMC-yə avtodayanacaqlar da tabe olub.
İlqar Mustafayev qeyd edib ki, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər qeyri-büdcə sahəsindən gələn gəlir hesabına maliyyələşib: “Hesablama Palatası yoxlama zamanı bunu irad tutdu. Dedilər ki, maliyyələşmə yalnız büdcə vəsaiti hesabına olmalıdır. Mən qeyri-kommersiya sahəsində də aşkarlıq etmişəm, hər şey açıq-aydın olub. Həmin şəxslərin hər biri vergi ödəyicisi olub. Əgər vergi verilməsəydi, vergi xidməti cinayət işi başladacaqdı. Fəaliyyətim dövründə bütün vergi bəyannamələri həyata keçirilib".
İlqar Mustafayev bildirib ki, "Marş Park" dondurma köşklərinin sahibi ilə dondurmaları satış ilə bağlı müqavilələri olub: "Onların nə qədər gəlir etməsinə nəzarət etmək imkanım olmayıb. Mənim vəzifəm gələn qonaqları qarşılamaq, tədbirlərin təşkil olmasından ibarət olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında 2020-20221-ci illərdə mənimsəmə barədə ittihamlar qeyd olunub: “Ancaq pandemiya dövründə bulvar bağlı olub. Yalnız işçilər ərazidə olub ki, bu da iki-üç nəfərdən ibarətdir. Həmin dövrdə heç bir fəaliyyət olmayıb".
Zərərçəkmiş şəxsin vəkili İsmayıl Kəngərli vəsatət verərək deyib ki, ittihamda olan hesablamalar qeyri-real rəqəmlərə əsaslanır: “Pandemiya zamanı, bulvar bağlananda, məhdudiyyətlər olanda, hətta qayıqla gəzintilər qadağan ediləndə on minlərlə sərnişinin guya gəmilərdən istifadə etdiyi yazılır.
Heç bir sənəddə pulun birbaşa kiməsə ödənilməsi göstərilmir. Bütün əməliyyatların uçotu kassa vasitəsi ilə aparılıb, vergilər ödənilib. Hətta bunu ittihamın bütün şahidləri də qeyd edir ki, kassa əməliyyatlarından kənar heç bir ödəniş növü olmayıb”.
İsmayıl Kəngərli qeyd edib ki, ittihama görə, 8 il ərzində – 2016-cı ildən 2024-cü ilə qədər – müvəkkili guya 12 milyon manat mənimsəyib: “Bunun 8 milyonu iki ildə, qalan 4 milyonu isə sonrakı 6 ildə olub. Yəni attraksionlardan, kafelərdən, ticarət obyektlərindən və digər obyektlərdən gələn bütün pullar sonda ona çatıb. Amma iş materiallarında nə bir imza, nə bir köçürmə, nə də pulun şəxsi alınmasını təsdiq edən bir qəbz yoxdur. Eyni zamanda, bir nəfər də olsun şahid “Mustafayevə pul vermişəm” deməyib”.
Vəkil ekspertiza nəticəsini məhkəməyə təqdim edib və bəzi sənədlərin işə əlavə edilməsini məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Proses noyabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.